Heyvanlar arasında kütləvi xəstəlik yayılıb

Tərtər rayonunda xırdabuynuzlu heyvanların kütləvi ölümünə səbəb olan xəstəlik yayılıb.
 
Rayonun Çaylı kəndində məskunlaşan Şuşadan olan məcburi köçkün ailələrinin təsərrüfatlarında xeyli sayda qoyun tələf olub.
 
Təsərrüfat sahibi Qara Şahvələdov bildirib ki, 2 aydır heyvanlara düşən sarılıq xəstəliyindən 50 başdan çox heyvan tələf olub. Rayonun baytar həkimləri xəstəliklə mübarizə  aparsa da, hələlik müsbət nəticə yoxdur. Buna səbəb kimi isə lazım olan dərman preparatlarının çatışmazlığı göstərilir.
 
Sahə baytar həkim Şahid Museyibov bildirib ki, xəstəlik qısa müddətdə kənddəki bütün təsərrüfatlara yayılıb: "Mikrobun torpaqda olması və kəndin otlaq sahələrində gündən-günə çoxalan gəmiricilər xəstəliyin miqyasını genişləndirən əsas səbəbdir. Xəstə və sağlam heyvanların eyni yerdə saxlanması, eyni əraziyə örüşə çıxarılması problemin aradan qaldırmasını daha da çətinləşdirir. Peyvəndləmə işləri aparılsa da, tam sağalmaq üçün istifadə olunan preparatlar çatışmır”.
 
Tərtər Rayon Baytarlıq idarəsindən bildirilib ki, yaranmış vəziyyətlə bağlı Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Baytarlıq İdarəsinə məlumat verilib.
 
Yaxın günlərdə baytar həkim briqadası tədbirlər görülməsi üçün kəndə gələcək./APA/

MediaFax