Hərracda dava düşdü - Foto

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı bu gün keçirdiyi ilk açıq hərracda dava düşüb.

Mübahisə Bakının Nəsimi rayonunda yerləşən ticarət obyektinin özəlləşdirilməsi zamanı yaranıb.

Start qiyməti təxminən 30 min manat olan mağazada uzun illər icarədar kimi fəaliyyət göstərmiş Vəliyəddin Məmmədov obyektin başqası tərəfindən özəlləşdirilməsinə etiraz edib: "Mənə dedilər ki, 10 faiz beh ödə, qalanını isə hərracda ödəyərsən. Mən də bankdan kredit götürüb 3 min manata yaxın beh ödədim. Amma burada mağazanı başqası özəlləşdirdi. İcarədar kimi mənə üstünlük verilməli idi”.
 


ƏMDK-nın nümayəndələri isə belə bir qaydanın olmadığını, dövlət əmlakının özəlləşdirilməsi zamanı bütün vətəndaşlara eyni cür yanaşıldığını bildirib.

Bununla belə, şikayətçi ona qarşı haqsızlığa yol verildiyini iddia edib. Vətəndaş əraziyə çağırılmış təcili tibbi yardım və post-patrul xidmətinin əməkdaşlarının köməyi ilə hərracın keçirildiyi, Heydər Əliyev prospekti, 105 ünvanında yerləşən ƏMDK-nın İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin binasından kənarlaşdırılıb./report.az/

MediaFax