Bakı Metropoliteninin bütün stansiyalarında bir müddətdir üzərinə SOS yazılmış aparatlar quraşdırılıb.
Əksər metro istifadəçiləri bu aparatlardan hansı hallarda istifadə olunması barədə məlumatsızdırlar.
Əslində bu aparatlar nə məqsədlə quraşdırılıb?
Məsələ ilə bağlı danışan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, bu aparatlar yalnız fövqəladə hadisələr zamanı istifadə üçün nəzərdə tutulub. Belə hal baş verərsə, həmin aparatlar vasitəsilə birbaşa dispetçerə məlumat verilir: "Aparatdakı telefonun dəstəyini qaldıran kimi zəng edən şəxs videokamera vasitəsilə qeydə alınır. Yəni hər hansı yanlış məlumat zamanı bunu ayırd etmək mümkündür. Eyni zamanda, aparatdakı digər kamera vasitəsilə dispetçer verilən məlumatın doğruluğunu canlı olaraq izləmək imkanına malikdir. Yəni, məlumat verilərkən dispetçer stansiyadakı müşahidə kamerası ilə həmin ərazini görə bilir".
N.Paşayev bildirib ki, bu vaxta qədər stansiyalarda hər hansısa fövqəladə hadisə baş vermədiyi üçün aparatlardan istifadə edilməyib: "Lakin bir neçə məsuliyyətsiz sərnişin bu aparatdan istifadə edib. Nəticədə həmin şəxslər inzibati məsuliyyətə cəlb ediliblər”./trend.az/
MediaFax