Həbs qoyulan və müsadirə olunan əmlakların aqibəti - Araşdırma

Son dövrlər MTN işi və bir sıra hadisələr fonunda məhkəmə qərarı ilə müsadirə olunan əmlakların sayında ciddi artım müşahidə edilir.
 
Barəsində həbs qətimkan tədbiri seçilmiş şəxsin, eyni zamanda, əmlakının müsadirə olunması barədə qərar çıxarılır. Qərar isə həmin şəxsin vətəndaşlara və dövlət vurduğu maddi zərərin məhkəmə tərəfindən təsbit olunduqdan sonra verilir. Bu addım bəzən təqsirləndirilən şəxslərin narazılığına səbəb olsa da, nəticə nadir hallarda dəyişdirilir. Məhkəmə qərarından sonra bu əmlakların qiymətlərinin necə müəyyənləşdirildiyi və nə qədər zərəri qarşıladığı isə bəzən məlum olmur. Həbs qoyulan və müsasdirə olunan əmlakların sonrakı taleyi necə olur? 

Məsələ ilə bağlı saytımıza  açıqlama verən hüquqşünas Ələsgər Məmmədli bildirib ki, məhkəmə qərarları ilə müsadirə olunan bir əmlak ilk növbədə məhkəmə qərarının icraçıları tərəfindən aktlaşdırılır və götürülür: 

"Həmin əmlakın satılması lazımdırsa hərraca çıxarılır. Yox əgər həmin əmlaklar istifadə üçün uyğundursa, dövlətin hansısa bir işi üçün istifadə edilirsə satılmaya da bilər".

Ələsgər Məmmədli qeyd edib ki, dövlət bu və ya digər formada geniş kommersiya fəaliyyəti ilə məşğul olan tərəf deyil:"Bu tip məsələlərdə dəyən zərərin konpensasiya olması üçün ilk növbədə onun dəyərirnin tutularaq zərər çəkən tərəfə verilməsi əsas götrülür. Söhbət əgər zərərin dövlətə verilməsindən gedirsə, zərər çəkən hər hansı bir şəxs deyilsə o zaman dövlət əmlakları standart şəkildə necə özəlləşdirilib, satılırsa  eyni prosedur burda da tətbiq olunur".

Mövzu ilə bağlı saytımıza danışan ekspert Natiq Cəfərlinin fikrincə bu məsələdə şəffaflıq təmin olunmasa, bir qrupun əlindən çıxmış əmlak daha ucuz qiymətə digər qrupun nəzarətinə keçə bilər.

Natiq Cəfərli vurğulayıb ki, həbs qoyulan əmlak məhkəmə tərəfindən tanınırsa və zərərçəkənlərə dəymiş zərərin miqdarı bəllidirsə müsadirə olunmuş əmlak satıldıqdan sonra bir qismi onlara verlir:"Son işlərdə də çoxlu sayda vətəndaşların hüquqlarının tapdalanması məhkəmə tərəfindən təsbit olunub. Bundan başqa bu işlərdə dövlətə dəyən ziyan da var. Milyonlarla vəsait miqdarında dövlət büdcəsinə zərər dəyib". 

Ekspert bildirib ki, müsadirə olunan əmlak hərraclar vasitəsilə satılmalıdır: 

"Əldə olunmuş vəsaitin bir qisminin vətəndaşların zərərinin ödənilməsinə və digər qismi isə dövlətin zərərinin ödənilməsi üçün büdcəyə transfer olunmalıdır. Çox güman ki səs-küylü və məmurlarla bağlı işlərdə də həmin mexanizm tətbiq olunacaq. Hərraclar vasitəsilə satılacaq əmlakın şəffaflıq şəraitində olmasını tələb etmək və buna nəzarət etmək lazımdır. Ola bilər ki, sonradan hərraclar şəffaf keçrilməsin. Qiymətlər kifayət qədər aşağı göstərilərək, digər insanlar tərəfindən ələ keçrilsin. Buna görə də hərraclar şəffaf olmalı, bunula bağlı mətbuatda da məlumat olmalıdır. İstənilən hüquqi və fiziki şəxslərin həmin hərracda iştirakı təmin edilməlidir. Bunlar təmin olunarsa, həmin əmlaklar daha baha qiymətə satılar. Dövlətə və vətəndaşlara dəymiş ziyan tam ödənilə bilər.  Belə olmasa bir qrupun əlindən çıxmış əmlak, daha ucuz qiymətə digər qrupun nəzarətinə keçə bilər./qaynarinfo.az/

MediaFax