Bəzi insanlar zaman-zaman ölkədəki şəraitdən şikayətlənərək, Azərbaycanı tərk edib xaricdə sığınacaq alıblar.
Mühacirət edənlər daha çox müxalifət düşərgəsinin nümayəndələri olur.
Maraqlıdır, görəsən hansı siyasi partiyadan gedənlər çoxdur?
Məsələ ilə bağlı bəzi partiyalardan məlumat istədik.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib ki, onların üzvlərindən mühacirətə gedənlər var, amma dəqiq say bilmir.
"2013-cü ildə prezident seçkilərindən sonra bir-iki nəfər getdi. Ancaq ümumilikdə onların sayı çox da deyil. Mühacirət edənlər daha çox Qərb ölkələrinə üz tuturlar”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasınıının (AXCP) sədr müavini Gözəl Bayramovanın sözlərinə görə, AXCP-də mühacirətə gedənlər barədə dəqiq məlumat yoxdur.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, bu siyasi təşkilatın üzvləri arasından mühacirətə gedənlər hər zaman olub.
"Mühacirətə gedənlərin sayı ilə bağlı statistika tutmamışıq. Bu, illərə görə dəyişə bilər. Mühacirətə gedənlərin statistikası Müsavat Partiyası üçün maraqlı deyil”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat xidmətinin rəhbəri Əli Orucovun sözlərinə görə, axırıncı dəfə partiyadan mühacirətə gedən tanınmış jurnalist Rauf Mirqədirov olub.
"Rauf Mirqədirovun ailəsi İsveçrədə olduğu üçün İsveçrədən sığınacaq alıb. Ona qədər müəyyən insanlar mühacirət edib. Ümumilikdə partiyamızın üzvlərindən mühacirət edənlərin sayı çox deyil. Bəlkə də barmaqla sayılacaq qədərdi”./modern.az/
MediaFax