Hansı partiya Müsavatın varisidir? - Sorğu

1911-ci ildə İstanbulda mühacirətdə olan Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Müsavat Partiyasının varisliyi ilə bağlı müxtəlif iddialar ortaya atılır.  
 
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan partiyanın həqiqi varisi hansı partiya hesab edilir?
 
Partiya nümayəndələrinin fikrini öyrənməyə çalışdıq.
 
Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki,  hazırkı Müsavat Məhəmməd Əmin Rəsulzadənin yaratdığı partiyanın davamıdır.
 
"Müsavat partiyası bu illər ərzində öz fəaliyyətini dayandırmayıb. Sovet dövründə Stalinin repressiyaları zamanında partiya öz fəaliyyətini bəzən Azərbaycanda gizli olaraq, digər müddətlərdə isə mühacirətdə davam etdirib. 1991-ci ildə Türkiyədə yaşayan və Müsavat Partiyasını qoruyub saxlayan şəxslərlə müzakirələr apardıq. Onlar bu partiyanın Azərbaycanda fəaliyyətini rəsmi olaraq bizə həvalə etdilər. Bu baxımdan qeyd edirəm ki, Müsavat Partiyası 1911-ci ildə yaranmış partiyadır, müxtəlif dövrlərdə çətinliklərə baxmadan öz fəaliyyətini davam etdirib. Müsavat Partiyasının əvvəlki mövqeyi ilə indiki mövqeyi arasında, ümumi prinsipləri arasında ciddi fərqlər yoxdur. Cümhuriyyət , dövlətçilik, Azərbaycançılıq prinsipləri, Türkçülük, İslami dəyərlərə hörmət, demokratik cəmiyyət quruculuğunun əsas hədəf olması və digər məsələlərdə hazırkı Müsavat partiyası ilə 1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyətini qurmuş Müsavat arasında əsaslı fərqlər yoxdur. 
 
O qeyd edib ki, Müsavat Partiyasının proqramında dəyişikliklər baş verib.
 
"1911-ci ildə əsası qoyulmuş Müsavat Partiyası daha çox dini məsələlərə üstünlük verirdi. 1917-ci ildə keçirilmiş qurultaydan sonra Müsavat Partiyasının proqramında cümhuriyyətçilik, insan hüquq və azadlıqları üstünlük təşkil edib və müəyyən dəyişikliklər olub. 1936-cı ildə Azərbaycandan kənarda keçirilən konfranslardan birində də Müsavat Partiyasının proqramında daha irəliyə gedən çağdaş dövrün tələbləri ilə ayaqlaşan əlavə və dəyişikliklər edilib. 20-ci əsrin sonunda da Müsavat Partiyası Azərbaycanda yenidən bərpa olunduqdan sonra da proqramında müasir dövrün tələblərinə uyğun olan dəyişikliklər edilib. Amma ümumilikdə əsas prinsiplər dəyişməyib”.
 
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu:
 
"Klassik partiyalarla 19-cu əsrdə yaranmış partiyalar eyni deyil. Əsrin əvvəllərində sosial demokratiya bir ideologiya idisə, indi sosial demokratiya bir ideyadır. O cümlədən müsavatçılıq bir ideologiyadırsa, indi müsavatçılıq bir ideyadır. Bu gün mövcud olan Müsavat Partiyası, ADP və digər partiyalar 19-cu əsrdə ortaya çıxmış siyasi partiyalarla ad baxımdan oxşar olsa da mahiyyət olaraq fərqlidir.
 
Təbii ki, bizim ideyalarımızın əsasında müsavatçılıq ideyası durur. Əvvəlcə kənar asılılıqdan azad olmaq, daha sonra da daxili asılılıqdan  azad olmaq ideyası bizim ideologiyamızın həyata keçirilməsində varis rolunu oynayır. Əvvəlcə milli müstəqillik, milli bərabərlik, ondan sonra ölkə daxilində sabitlik. Amma müsavatçılıqla fərqliliyimiz ondan ibarətdir ki, Müsavat daha çox sol partiyadır.
 
Çünki bərabərlik ideologiyasını sağ partiya müdafiə etmir. Yəni klassik Müsavat Partiyası ilə ümumilikdə fərqimiz bundan ibarətdir. Amma bütünlükdə Müsavat bizim ilk milli partiyamızdır. Hər bir partiya öz dövrünün tələblərinə uyğun yaranır. Dövrün partiyaların qarşısına qoyduğu şərt fərqlidir. Buna baxmayaraq bütün partiyalar Müsavatın varisi hesab olunmalıdır. Çünki Müsavat Partiyası Azərbaycançılıq uğrunda mübarizə aparıb”.
 
Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev bildirib ki, bu günə qədər Məhəmməd Əmin Rəsulzadənin adından siyasi alver məqsədi ilə istifadə edənləri Azərbaycan cəmiyyəti görüb:
 
"Hələ Elçibəy hakimiyyəti dövründə hakimiyyət daxilində ikipartiyalı sistem yaradan İsa Qəmbər oldu. Müsavat Partiyasını yaratdı. Rəsulzadənin adından istifadə etmək üçün bütün vasitələrə əl atdı.  Yəni bizim hakimiyyətimiz boyunca Elçibəy hakimiyyətini çökdürən Müsavat Partiyasını yaradan Rəsulzadənin adından istifadə edənlər oldu. Rəsulzadə heç bir pozuculuqla, təxribatla məşğul olmayıb. Azərbaycan milli dövlətinin əsaslarını qoyub.  İsa Qəmbər Müsavat Partiyasını yaratmaqla Azərbaycanda pozuculuğun bünövrəsini qoydu.

Bu gün Rəsulzadənin ideyalarını daşıyan, onun yarımçıq qalan arzularını həyata keçirən Müasir Müsavat Partiyası var.

Mənim sədri olduğum partiya  Rəsulzadənin bütün tövsiyələrinə uyğun hərəkət edir. Bu gün kimlərsə Məhəmməd Əmin Rəsulzadənin və Elçibəyin adından sui-istifadə edirsə biz buna yol verməyəcəyik".
 
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, deputat Eldar İbrahimov isə fərqli düşünür. O deyib ki, YAP heç zaman Müsavat Partiyasının varisi sayıla bilməz.
 
"Yeni Azərbayacan Partiyası Heydər Əliyev tərəfindən yaradılıb. 1992-ci cil noyabrın 20-si Naxçıvanda konfrans keçirərək yaradılıb. Yeni Azərbaycan Partiyası sağ yönümlü, Məhəmməd Əmin Rəsulzadə tərəfindən yaradılan Müsavat Partiyası isə sol yönümlüdür. YAP-ın proqramında əsas prinsiplər dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, dünyəvi dövlət qurulması,vətəndaşların dinc və firavan yaşayışını təmin etməkdir”.
 
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov:
 
"Azərbaycan Milli İstiqlal Partiyası 1911-ci ildə əsası olan Müsavat partiyasının varisi deyil. Çünki Müsavat Partiyası solçu partiyadır, AMİP isə sağ yönümlü partiyadır. Bizim ideologiyalarımız da fərqlidir. Ona görə AMİP klassik Müsavatın varisi hesab edilə bilməz”.
 
Ümid Partiyasının sədr müavini Ramin Hacılı bildirib ki, Azərbaycanda fəaliyyət göstərin hərbir partiyanın məqsəd və məramı bir- birinə yaxındır.
 
"1911-ci ildə əsası qoyulan partiyanın varisi hazırda Müsavat adını daşıyan partiyadır. Ümid Partiyası Müsavat Partiyasının varisi hesab edilə bilməz. Ümid Partiyası müasir Azərbaycan qanunvericiliyinə uyğun şəkildə yaranıb. Rəsulzadənin irəli sürdüyü görüşdə mərkəzə meylli milli bir duruş var idi. Ölkədə yaşayan hər bir vətəndaşa xidmət edə bilmək üçün, bütün parametrləri özündə birləşdirməyi bacaran bir nəzəriyyə var idi. Bu nəzəriyyə Ümid Partiyasının prinsiplərinə uyğun gəlir. Amma Ümid Partiyasının Müsavat Partiyasının varisi olmaqla bağlı bir iddiası yoxdur”.
 
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa söyləyib ki, partiyanın varisi anlayışı əslində doğru deyil.
 
"Bu gün Azərbaycanda bir kommunist partiyası yaradıla bilər. Amma heç vaxt Azərbaycan Kommunist Partiyasının varisi olmaz. Çünki Azərbaycan Kommunist Partiyası Azərbaycanın parçalanmasında rol oynayıb. Amma indiki kommunist partiyası başqa bir dövlətin tabeliyinə keçməyi qarşısında məqsəd qoymaz.
 
Sadəcə olaraq ideya, düşüncə olaraq müsavatçılığa önəm veririk. Amma onun varisi iddiasını götürməyi yanlış hesab edirik. Bizlər müasir dövrün subyektləri ilə məşğul oluruq. Ona görə də belə bir varislik iddia etmək düzgün deyil. 20 il qabaq Azərbaycan Xalq Cəbhəsinin belə bir iddiası var idi. Amma o qədər də ciddi qəbul olunmur. Hamı yaşadığı dövrün problemləri, siyasəti ilə məşğul olur”./modern.az/

MediaFax