Təhsil Nazirliyi Azərbaycan vətəndaşlarının xarici ölkələrdə aldıqları və tanınan diplomların sayını açıqlayıb
Nazirlik rəsmisi: Tanınmayan diplomlar daha çox MDB ölkələrində - Rusiya, Ukrayna və Gürcüstanın təhsil müəssisələrindən alınan diplomlardır
Bakı. 2 dekabr. REPORT.AZ/ "2007-ci ildən bu günə qədər Təhsil Nazirliyinə xarici ölkə diplomlarının tanınması ilə bağlı 25 mindən çox müraciət daxil olub".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazirliyin Akkreditasiya və Nostrifikasiya İdarəsi rəisinin səlahiyyətlərini icra edən Samir Vəliyev deyib.
Onun sözlərinə görə, diplomların təxminən 70-75 faizi təsdiqlənib: "Yerdə qalan diplomlar müxtəlif səbəblərdən tanınmayıb. Bunun da əsas səbəbi təhsil alan şəxsin mövcud qaydalara uyğun normativ müddət nöqteyi nəzərindən tələblərə riayət etməməsidir. Nostrifikasiya ilə əlaqədar şəxsin gediş-gəlişini təsdiqləyən məlumatlar alırıq. Normativ müddət uyğun gəlmirsə biz diplomların tanınmasından imtina edirik".
S.Vəliyev qeyd edib ki, diplomların tanınmaması onun saxta olmasını deməyə əsas vermir: "Xaricdə təhsil almağa üz tutan şəxs ilk növbədə düşünməlidir ki, daha yaxşı təhsil arxasınca gedir. Çünki buna həm vəsait, həm də zamanı sərf edir. Onun sonda əldə etdiyi diplom nostrifikasiya prosedurlarına uyğun olaraq əldə olunmalıdır ki, həmin diplom ölkə tərəfindən tanınsın".
O əlavə edib ki, xarici ölkələr tərəfindən verilmiş diplomlar sırasında saxta olanı da var: "Lakin hazırda onun neçə faiz təşkil etdiyini deyə bilmərəm. Bütövlükdə, idarə olaraq saxta diplomların müəyyənləşdirilməsini deyil, diplomların əldə olunmasını, eləcə də onun Azərbaycanın nostrifikasiya prosedurları ilə ziddiyyət təşkil edib-etməməsinə baxaraq diplomun tanınmasına qərar veririk. Tanınmayan diplomlar daha çox MDB ölkələrində - Rusiya, Ukrayna və Gürcüstanın təhsil müəssisələrindən alınan diplomlardır".
Nazirlik rəsmisi onu da vurğulayıb ki, yeni akkreditasiya qaydaları Nazirlər Kabinetinə təqdim olunmaq ərəfəsindədir.
"Hazırda distant təhsil mexanizm olaraq mövcud deyil. Azərbaycanda distant təhsilin mexanizmi işlənib hazırlanmadığından biz onu təhsilin bir forması kimi qəbul etmirik. Gələcəkdə Azərbaycanda distan təhsil mexanizmi müəyyən olunduqdan sonra həmin təhsil forması üzrə xarici ölkə universitetlərində təhsil alan tələbələrin diplomları tanınacaq. Azərbaycanın ali təhsil müəssisələrinin verdiyi diplomlar xaricdəhər bir ölkənin prosedur qaydalarına uyğun olaraq tanınır" - deyə o, qeyd edib.
MediaFax