Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Eldar İsmayılovun sədrlik etdiyi hazırlıq iclasında hakim özünə etiraz verib. Bildirib ki, cinayət işi ilə tanış olan zaman həmin iş üzrə istintaqın Dövlət Təhlükəsizlik Xidmətində aparıldığı məlum olub: "Həmin iş üzrə istintaq qrupunun üzvü isə oğlum Emil İsmayılzadədir. Bu halda qanunvericilik işə mənim sədrliyimlə baxmağa imkan vermir".
Digər hakimlər Cavid Hüseynov və Əlisultan Osmanov etirazı müzakirə ediblər. Onların qərarına əsasən, etiraz təmin olunub. Cinayət işi yenidən icraata verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə göndəriləcək.
Qeyd edək ki, Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanında məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin qurumun tapşırıqlarını yerinə yetirməkdə, dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməkdə təqsirləndirilir.
N. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
Xarici xüsusi xidmət orqanında məxfi əməkdaşlığa cəlb edilərək 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməkdə, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Əhədov İnqilab Xəlil oğlu da Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib./APA/
MediaFax