Hacı Məmmədov Qobustana köçürülə bilər

Daxili İşlər Nazirliyinin keçmiş polkovniki, çoxsaylı sifarişli qətllər, adam oğurluqları, quldurluq kimi cinayətlər törətmiş dəstənin başçısı Hacı Məmmədov Penitensiar Xidmətin vərəmə yoluxmuş məhbuslar üçün nəzərdə tutulan İxtisaslaşdırılmış Müalicə Müəssisəsindən Qobustan həbsxanasına köçürülə bilər. 

Musavat.com xəbər verir ki, 10 ildir ki, Hacı Məmmədov barəsində ömürlük həbs cəzası çıxarılıb ki, o, istisnasız olaraq Qobustan həbsxanasında saxlanılmalıdır. Yada salaq ki, 2005-ci ilin martında H.Məmmədovun həbsindən sonra onu və dəstə üzvlərini Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlayırdılar. 2007-ci ildə Hacı Məmmədov və onunla birlikdə həbs olunan şəxslərin bir çoxunun barələrində ömürlük həbs cəzası çıxarıldı. Dəstə başçısından savayı ömürlük həbs cəzası alan hər kəsi Qobustana köçürdülər. Eldar Mahmudov  MTN rəhbərliyində qaldığı illərdə H.Məmmədovun Qobustana köçürülməsinin qarşısı alındı.  Ötən illər ərzində H.Məmmədovun özü də MTN təcridxanasından köçürülməsini ara-sıra tələb edirdi. 

2015-ci ilin oktyabrında E.Mahmudov postunu itirdi və az sonra H.Məmmədov vəkil tutub barəsindəki cinayət işinin yenidən araşdırlmasını tələb etməyə başladı. Ali Məhkəməyə müraciət edərək ibtidai istintaq dövründə saxta, qondarma ifadələr verməyə məcbur edildiyini diqqətə çatdırdı. Lakin gözlənilənlərin əksinə olaraq Ali Məhkəmə Hacı Məmmədovun şikayətini heç bir əsas göstərmədən təmin etmədi. 

E.Mahmudov vəzifəsini itirəndən sonra onun 11 il rəhbərlik etdiyi MTN cinayət yuvası elan olundu və qurum olaraq ləğv edildi. Əvəzində yaradılan qurumun istintaq təcridxanasında H.Məmmədov 2016-cı ilin aprelinə qədər saxlanıldı və Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürüldü. Bu müəssisə xüsusi rejimi ilə seçilir, qapalılığına görə ölkədə tayı-bərabəri yalnız MTN-in istintaq təcridxanası hesab edilə bilərdi. 

Faktiki olaraq Hacı Məmmədov 2005-ci ildən bu yana həbsxana içində belə təcrid edilmiş durumdadır. E.Mahmudov vəzifəsindən çıxarılandan sonra bu vəziyyət bir qədər yumşalmışdı və həmin vaxt H.Məmmədov fürsəti əldən verməyib. Həbsindən sonra yalan ifadələr verməyə məcbur edildiyini, şər-böhtanda iştiraka cəlb edildiyini diqqətə çatdırıb. Hazırda isə o, belə bir imkana malik deyil.  

Ötən ilin sonlarında onun müəssisədən naməlum istiqamətə aparıldığı xəbərləri yayılmışdı. Həmin vaxt Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov isə bildirmişdi ki, H.Məmmədov  müəssisəsdədir və müalicəsi davam etdirilir. 

Qeyd edək ki, H.Məmmədov 2016-cı il aprelin 25-də səhhətindəki problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulub. 

Xatırladaq ki, Hacı Məmmədovun dəstəsi Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin həyat yoldaşını oğurladıqdan sonra 2005-ci ilin martında həbs olunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə adam oğurluğu və bir sıra qətllərdə təqsirləndirilən Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və digər 26 nəfər barədə hökmü 2007-ci il yanvarın 19-da çıxarıb. 

Məhkəmənin qərarına əsasən, Hacı Məmmədov, onun keçmiş şöbə müdiri Kamil Sədrəddinov, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və digər 7 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər. Hacı Məmmədov istisna olmaqla digərləri Qobustandakı qapalı həbsxanaya köçürülüb. 2017-ci il yanvarın 25-i Hacı Məmmədovun Qobustan Həbsxanasına köçürüldüyü gün ola bilər.


MediaFax