“Göylə gələn mərmidir, əllə saxlamaq olmur” - İcra başçısı

Son günlər sosial şəbəkələrdə Ağdamda kəndlərin boşaldılması ilə bağlı şayiələr dolaşmaqdadır

"Ölkə.Az" Ağdam rayonunun icra başçısı Raqub Məmmədovla əlaqə saxlayaraq məsələni aydınlaşdırıb.

"Əslində heç bir kənd boşalmayıb. Hər kəs öz yerindədir. Gərginlik var. Gərginlik olan kimi sakinlər yaşlı adamları, körpələri götürüb kəndin mərmi tutmayan yerinə keçirlər. "Kəndlər boşaldı, insanlar başqa yerə getdi" kimi məlumatlar əsassızdır. Camaatın kənddə malı-dövləti, heyvanı var" - deyə Raqub Məmmədov qeyd edib.

Dünən gecə saatlarında yaşanan gərginliklə bağlı Raqub Məmmədov bildirdi ki, gecə saat 04:00 radələrində gərginlik yaşandı. Kənd camaatı evləri boşaldıb yolun kənarına yerləşmişdi:

"Özüm saat 04:00-dan camaatın yanında olmuşam. Gərginlik olanda evləri tərk etmək normaldır. İnsanıq, bilirik ki, göylə gələn mərmidir, onu əllə saxlamaq olmur axı. Ona görə də, mütləq təhlükəsiz əraziyə çəkilmək lazımdır. Kişilər isə kəndləri tərk etmir".

İcra başçısı həmçinin bunları qeyd edib:

"Ağdam rayonun icra başçısı olaraq sizə deyirəm, gecə saat 4-dən camaatın yanındayam. Gecə olan gərginlikdə Qaradağlı və Çəmənli kəndinin hərəsindən 10-15 ailə, Əfətli kəndindən 50 ailə kəndlərin aşağı hissəsində gözlədi. Saat 06:00-da isə onların hamısı ilə görüşdüm və bildirdim ki, sakitlikdir, hər kəs evinə, kəndinə qayıtsın və hər kəs öz evindədir".

MediaFax