“Günəşli”də yanğın söndürüldü - Yenilənib

26.09.2016 
13:37 
 
Sentyabrın 26-da "Azneft” İB-nin "28 May” adına NQÇİ-nin "Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü yaranıb və yanğın baş verib.
 
SOCAR-dan verilən məlumata görə, NQÇİ-nin şəxsi heyəti tərəfindən təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görülüb. Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb.
 
Hazırda özüldəki işçilərin təxliyəsi üçün heç bir əsas yoxdur. Fontana qarşı Hərbiləşdirilmiş İdarənin əməkdaşları tərəfindən alçaq təzyiqli qaz təzahürünün aradan qaldırılması üçün tədbirlər görülür.
 
Hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək.
 
-------------
14:49 
 
"Günəşli” yatağının 19-cu özülündə 71 nömrəli quyuda alçaq təzyiqli qaz təzahürü baş verib.
 
SOCAR-dan verilən məlumata görə, sentyabrın 26-da "Azneft” İB-nin "28 May” adına NQÇİ-nin "Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib.
 
NQÇİ-nin şəxsi heyəti tərəfindən təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görülüb. Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb. Hazırda özüldəki işçilərin təxliyəsi üçün heç bir əsas yoxdur.
 
Fontana qarşı Hərbiləşdirilmiş İdarənin əməkdaşları tərəfindən alçaq təzyiqli qaz təzahürünün aradan qaldırılması üçün tədbirlər görülür.
 
Hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək.
 
X X X
 
Fövqəladə Hallar Nazirliyi (FHN) "Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürünün meydana çıxması ilə bağlı məlumat yayıb.
 
FHN-dən verilən məlumatda bildirilir ki, sentyabrın 26-da Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən "Azneft” İB-nin "28 May” adına NQÇİ-nin "Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb.
 
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Vixır-5 və Vixır-7 yanğınsöndürmə gəmiləri dərhal özülə yan alıb və təhlükəsizlik tədbirlərinin görülməsinə başlanıb.
 
Hazırda qaz təzahürünün qarşısının alınması istiqamətində işlər görülür. Əlavə məlumat veriləcək.
 
--------------
15:47 
 
"Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürünün meydana çıxması ilə əlaqədar təhlükənin qarşısının alınması üçün bütün texniki tədbirlə görülüb.
 
Prosesin özüldəki başqa quyulara təsir etməməsi üçün digər quyuların hamısı bağlanıb.
 
Bu barədə SOCAR-dan bildirilib.
 
Məlumatda qeyd olunur ki, mütəxəssislər və hadisənin lokallaşdırılması üçün lazım olan şəxslər orada saxlanılıb, qalan işçilər isə təxliyə olunub.
 
"Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və FHN-in gəmiləri hadisə yerinə cəlb olunub.
 
Hazırda hadisənin qarşısının alınması üçün ərazidə 9 gəmi iş aparır.
 
Qaz təzahürünün qarşısı hələlik alınmayıb, tədbirlər davam etdirilir.
 
Ehtiyac olarsa, əlavə gəmilər də göndəriləcək.
 
--------------
20:28
 
"Günəşli'” yatağının 19-cu özülündə 71 nömrəli quyuda qəzanın aradan qaldırılması üçün tədbirlər görülür.
 
SOCAR-dan verilən məlumata görə, "Günəşli'' yatağının 19-cu özülündə 71 nömrəli quyuda  görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq fontan yanğına keçib. Bütün işçilər özüldən təxliyə olunub. Xəsarət alan olmayıb.
 
Açıq fontanın qarşısının alınması üçün lazımi tədbirlər həyata keçirilir./APA/
 
----------------
27.09.2016
09:57
 
"Günəşli” yatağında yanğın söndürülüb.
 
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi və SOCAR birlikdə məlumat yayıb. FHN-dən verilən məlumatda qeyd olunur ki, sentyabrın 26-da "Azneft” İB-nin "28 May” adına NQÇİ-nin "Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxmış və açıq fontana çevrilib, saat 18:00 radələrində isə fontanın bağlanması ilə bağlı aparılan işlər zaman qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri "Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyə ediblər.
 
Baş vermiş yanğın SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi və fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədovun iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin digər aidiyyəti qurumlarla birgə səyləri nəticəsində səhər saatlarında söndürülüb, həmçinin, qaz təzahürünün qarşısı alınıb.