Gülər Əhmədova intihar etmiş psixoloqdan danışdı: “Maraqlı planları var idi”

Keçmiş millət vəkili Gülər Əhmədova intihar edən məşhur psixoloq Dəyanət Rzayev haqda fikirlərini paylaşıb.

"Qafqazinfo” xəbər verir ki, o, Rzayevin özünü öldürmək haqda qərarını qınayanlara mesaj verib:

"Yoldaşlar, ay yoldaşlar... Bu gün də hamınız psixoloq olmaq qərarına gəldiniz? Yaxşı elədiniz... Olun. Amma unutmayın ki, heç kim, heç nədən sığortalanmayıb. Gözləmədiyiniz vaxtda özünüz və ya yaxınınız intihar edər, yaxşı düşməz. Dəyanət Rzayev çox savadlı, fundamental təhsilli psixoloq idi. 6 aylıq kurs keçib psixoloq olmamışdı. Ən gözəl sürücülər qəza törədir. Ən yaxşı müəllimin uşağı avara ola bilir. Ən yaxşı kardıoloji mərkəz açmış Neftçilər xəstəxanasının baş həkimi ürək qüsurundan həyatını dəyişdi, çünki əməliyyatdan çəkinirdi. Dəyanətin ətrafında olan hər kəs günahkardır, çünki hamı onu daha güclü hesab edirdi. Hamı düşünürdü ki, ona məsləhət vermək olmaz, dərdinə şərik lazım deyil. Çünki o, psixoloqdur. Hamının Axilles dabanı var. Hamının qırılma nöqtəsi var. Hamının sevgiyə, mərhəmətə ehtiyacı var. Əzizlərinizi bu gün sevin, bu gün zəng vurun, bu gün axtarın. Dəyanəti rahat buraxın. O, artıq bizlik deyil, Yaradanın yanındadır. Allah ona rəhmət və mərhəmət etsin!”



Güləh Əhmədova Dəyanət Rzayevin gözəl psixoloq, savadlı və mərhəmətli insan olduğunu qeyd edib:

"Təmənnasız insan idi. Psixoloq cameəsi üçün ağır itkidir. Maraqlı planları var idi. Hər kəsin psixoloqa ehtiyacı var, hətta psixoloqun da. Təəssüf ki, bəzən biz hər dərdə tək sinə gərə biləcəyimizi düşünürük. Amma unuduruq ki, hələ heç kim dərdlərə tək sinə gərə bilməyib. Təklik yalnız Allaha məxsusdur. Yerin cənnət olsun, gözəl insan! Biz hamımız günahkarıq, çünki həssas deyilik, ətrafımızda olanların dərdlərinə şərik ola bilmirik. Hər kəs özünü düşünür. Əgər hər gün bir insanın dərdinə şərik olsaq, dərdlər azalar, intiharlar azalar. Daş qəlbli insanları neylərdin, İlahi?!”

Qeyd edək ki, Gülər Əhmədova Psixoterapiya mərkəzində işləmək üçün Dəyanət Rzayev tərəfindən dəvət edilmişdi. 

MediaFax