Goranboyun məscid problemi...

Bir vaxtlar şimal bölgəsində istifadəyə yararsız məscidlər daha çox idi.
 
Quba, Qusar, Xudatda insanlar ibadət etməyə məscid tapa bilmirdilər. Lakin son illərdə belə halların sayı kəskin azalıb. Belə ki, son 10 ildə 136 məscid  tikilib və bərpa edilib.
 
Buna baxmayaraq, köhnə məscidlərin hələ də təmir olunmaması ilə bağlı məlumatlar də  söylənilir. Xüsusilə, Goranboy ərazisində yerləşən köhnə məscidlə bağlı  sakinlər narahatlıqlarını dilə gətiriblər. Sakinlərin  sözlərinə görə, həmin məscid çox baxımsız səviyyədədir. İbadət etmək mümkün deyil.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov saytımıza açıqlamasında,  Goranboyda yerləşən məscidin timsalında ölkə ərazisində istifadəsi qeyri-mümkün olan, eləcə də, tikintisi yarımçıq qalan məscidlərlə bağlı danışıb.
 
Komitə rəsmisi bildirib ki, indiki məqamda yarımçıq qalmış məscidlər anlayışı doğru deyil.
 
"Azərbaycanda 2166 məscid var. Bunların da 306-sı tarixi abidədir. Müstəqilliyimizi bərpa etdikdən sonra bütün tarixi-dini abidələrimizdə  bərpa işləri aparılıb. Bu günün özündə də tarixi-dini abidələrimizin bərpası  davam edir.

Eyni zamanda, 1990-cı və  2000-ci illərin əvvəllərində tikilən məscidlərimiz var ki, onların da bərpaya ehtiyacı olanları olub və bərpa edilib. Yenidən qurulmasına ehtiyacı olan məscidlərimiz isə yenidən qurulub. O ki qaldı tikintisi davam edən məscidlərə, deyə bilərəm ki, belə məscidlər yox səviyyəsindədir.
 
Konkret olaraq tikintisi uzun illərdir ki, yarımçıq qalmış məscidlər yoxdur. Bəzi məscidlərimiz var ki, tarixi abidə deyil. Sadəcə, 1990-cı illərin əvvəlində tikilib. Bunlar da mərhələ-mərhələ təmir olunub. Elə kəndlərimiz var ki, orada köhnə məscidlər  var. Onların da bərpası davam edir”./modern.az/

MediaFax