“Gərək deyərdi ki, mən Elza Seyidcahanın tələbəsiyəm”

"O səs Türkiyə” yarışmasında Azərbaycan xalq mahnısı "Sarı gəlin”i ifa edən Mehman Tağıyev Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın tələbəsidir.

Bu barədə saytımıza sənətçinin özü məlumat verib. Onun sözlərinə görə, sözü gedən müsabiqəyə bəstəkarın iki tələbəsi qatılıb: 

"Nofəl Aslanov da mənim tələbəmdir. Düzdür, o, müsabiqəyə İtaliyadan, Mehman Tağıyev isə Naxçıvandan qatılıb. Bu gün mən çox sevinirəm ki, tələbələrimin səsi "O səs Türkiyə” yarışmasından eşidilir. Mehmanın ifası xalq mahnısıdır, təbii, bu belə də səslənməliydi. Bu manhı Azərbaycana məxsusdur. Ona görə də bu ifa müsabiqənin münsiflər heyətini təsirləndirib. Sənət-musiqi üçün sərhəd yoxdur. Mehman Türkiyə səhnəsindən isbat elədi ki, "Sarı gəlin” Azərbaycanındır və ona heç kəs əl uzada bilməz.”

Elza Seyidcahan hər iki tələbəsinə uğurlar arzuladı: 

"Mənə təbrik zəngləri gəlir. Deyirlər ki, tələbən sənə qarşı haqsızlıq elədi. Xeyir, mən bununla razılaşmıram. Canlı yayımdır, bir yandan da həyacan, özlərini itirirlər. Onlar ifaçı ola biləcəklərini sübut etdilər. Mən onu mühakimə etmirəm, hər zaman yanlarındayam, böyük layihələrimin iştirakçıları olacaq. Hər ikisinin gələcəyinə inanıram, çox istedadlıdırlar. Nofəl Aslanovun ünvanına deyirlər ki, İtaliya məktəbi özünü göstərir. O, iki aydır ki, İtaliyada təhsil alır. Gərək deyərdi ki, mən Azərbaycanda Elza Seyidcahanın tələbəsiyəm, üstündə haqqı olan şəxslərin adını çəkərdi. Mən həmişə gənclərin yanındayam. Kimlər ki mənim tələbəm olub, necə deyərlər "qılıncımın altından keçirsə” onlar uğurlu gələcəyə gedir.”/aznews.az/

MediaFax