Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis generalı Ramiz Zeynalov nəqliyyat nazirinin müavini Arif Əsgərovun qohumlarını həbs etdirib.
Bu barədə istiqlal.az saytı məlumat yayıb. Sayt iddia edir ki, A.Əsgərovun bacanağı, Tovuz Sahibkarlar Şurasının sədri İsmayıl Hüseynovun oğlu Rahib Hüseynov generalın qardaşı oğlu. eyni zamanda Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovun DİN-ə şikayəti əsasında saxlanılıb.
Bildirilir ki, R.Zeynalov İ.Hüseynova məxsus, Tovuz rayonunda fəaliyyət göstərən "Arsenal" fermer təsərrüfatını və A.Əsgərova məxsus, Bakının Biləcəri qəsəbəsində yerləşən dəyirmanı ələ keçirtmək istəyir: "Ona görə də İ.İsmayılovun oğlunu həbs etməklə girov götürüblər. Hədəfdə A.Əsgərovdur. Ancaq A.Əsgərov bacanağının övladlarını qurban verməklə hədəfdən yayınmaq istəyir. Q. Zeynalovun şikayətində A.Əsgərovun oğlu Elnar Əsgərovun da adı keçir. İ.İsmayılovun digər oğlu Emin də Q.Zeynalovun şikayəti əsasında Qazaxıstanda saxlanılıb. Burada şübhəli məqamlar var. Q.Zeynalov guya Hüseynov qardaşlarına 7 milyon manat sələmə pul verib. Ancaq polis əməkdaşı olan Q. Zeynalovun 7 milyonu olması şübhəlidir. Bəzi məlumatlara görə, bu vəsait dövlət büdcəsindən Tovuz rayon İcra Hakimiyyətinə ayrılan vəsaitdir. İcra başçısı Tofiq Zeynalov bu pulu mənimsəyərək oğlunun idarəetməsinə verib".
MediaFax