İsmayıllı rayonunda ana və qızı arasında baş verən dava qanla nəticələnib.
Dəhşətli hadisə bu gün səhər saatlarında rayonun Qalacıq kəndində qeydə alınıb.
Kənd sakini, 1993-cü il təvəllüdlü Həmzəyeva Gülzadə Callad qızı ailə münaqişəsi zəminində anası 1954-cü il təvəllüdlü Həmzəyeva Şükufə Polad qızını döyərək ona bədən xəsarətləri yetirib. Ana qızın əlindən çıxaraq küçəyə qaçıb və qonşulardan kömək istəyərkən Gülzadə Həmzəyeva onun arxasınca küçəyə çıxıb və anasını yenidən döyərək onu evin yanından keçən Qalacıq çayına atıb. Anasını itələyərək çaya aşıran qız onu köməksiz vəziyyətdə qoyaraq evə qayıdıb. Təxminən 5-6 metr hündürlükdən daşlı və kol-koslu çay yatağına yıxılan 64 yaşlı qadını ölümdən qonşular xilas edib. Baş və bədənin müxtəlif nahiyələrindən əzik, çapıq və sınıq xəsarətləri alan Şükufə Həmzəyeva təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qalacıq bələdiyyəsindən verilən məlumata görə 23 yaşlı Gülzadə Həmzəyeva ruhi xəstədir, dayısının dəstəyi ilə Bakıda müalicə olsunsa da, faydası olmayıb. Birgə yaşadığı anası ilə uzun müddətdir ki, yola getmir, tez-tez onunla dava edərək onu döyür. Onların ayrı yaşaması üçün kənd rəhbərliyi tərəfindən evin həyətinə vaqon da qoyulub, lakin qız anasını bir neçə dəfə öldürməyə cəhd edib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./APA/
MediaFax