Gələn ilin büdcəsi ilə bağlı BƏDBİN PROQNOZ

Növbəti il üçün dövlət büdcəsi proqnozlarla kiçilsə də onun reallığı da şübhə doğurur.
 
Bunu tanınmış iqtisadçı, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu 2017-ci ilin büdcəsinə münasibət bildirəkən deyib.

Mediafax.Az ekspertin fikirlərini olduğu kimi təqdim edir:

"2017-ci il üçün dövlət büdcəsi haqqında Qanun prezident tərəfindən imzalandı. Gələn ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon manat, xərcləri 16 milyard 900 milyon manat manat məbləğində təsdiq olundu. Hesablamalar göstərir ki, yeni təsdiq edilmiş dövlət büdcəsi 2008-ci il də daxil olmaqla indiyə qədər formalaşan dövlət büdcələri arasında dollar ifadəsində ən kiçiyi olacaq. Eyni zamanda müqayisələr də göstərir ki, yeni büdcənin dollar ifadəsində adambaşına düşən xərcləri qonşu Qafqaz ölkələrindən belə aşağıdır. Növbəti il üçün dövlət büdcəsi hətta proqnozlarla kiçilsə də onun reallığı da şübhə doğurur. Çünki, 2017-ci il büdcəsi 2005-ci ildən sonra ilk dəfə olaraq formalaşdırdığı büdcənin gəlirlərinin yarıdan çoxunu qeyri-neft sektorundan daxil olmalar hesabına təmin etməyi nəzərdə tutur. Bu isə xüsusilə də vergi orqanlarının qarşısında ciddi vəzifələr qoyur. Nəzərə alaq ki, artıq ilin sonudur. Yaxın günlərdə cari ilin büdcəsi tam xərclənərək boşalacaq, bundan əlavə bu ilin sonuna büdcədə kəsir yaranacaq. Gözləntilərə görə 2016-cı ilin büdcə kəsirinin məbləği 1 milyard manatdan çox olacaq ki, bu da Azərbaycanın büdcə tarixində ən böyük kəsir hesab oluna bilər. 

Beləliklə də, prezidentin ehtiyat fondları istisna olmaqla yeni ilə sıfırlanan büdcənin mədaxilinin təminatı əsas yükü üzərinə götürən qeyri-neft bölməsinin durumundan asılı olacaq. Milli iqtisadiyyatın da ən çox problemləri bu sektorda müşahidə olunur. Qeyri neft ÜDM-nin tənəzzülü artıq 6 faizə yaxınlaşır, bu il ərzində qeyri-neft ixracat potensialı ötən ilin eyni dövrü ilə müqayisədə dördən üçünü saxlaya bilib, idxal da ötən illə müqayisədə azalıb, mədaxilin 14 faizini təşkil edən hüquqi şəxslərin mənfəət vergisi 228 milyon manat azalıb, digər daxilolmalar üzrə azalma 1 milyard 960 milyon manat olub. Bununla yanaşı, növbəti il ərzində iş yerlərinin ixtisarının çoxalması, əmək haqlarının aşağı salınması hesabına fiziki şəxsləri gəlir vergisi, zərərlə işləyən müəssələrin sayının artması və rentabelli müəssisələrin fəaliyyətində mənfəətin azalmasına görə hüquqi şəxslərin mənfəət vergisi, idxalın azalmasına görə ƏDV və gömrük rüsumları, neft hasilatında aşağı düşməsinə görə, ARDNŞ-nin və ABƏŞ-in ödənişlərində azalmaların qeydə alınması həmin mənbələrdən büdcə mədaxilinin formalaşmasında ciddi çətinlik yaradacaq. Bu xüsusilə də gələn ilin 1-ci rübündə daha qabariq müşahidə olunacaq. Odur ki, yeganə umid vergi amnitsiyası adı ilə 2017-ci ilə qədər olan borcların 70 faizə qədərinin yığılmasınadır. Amma unutmayaq ki, mövcud vergi borclarının xeyli hissəsi dövlət şirkətlərinə məxsusdur, özəl şirkətlərə gəlincə, onlara məxsus olan borcları müxtəlif məhdudiyyətlərlə (ölkədən çıxışa qadağa, əmlakın müsadirəsi, inzibati həbs və s.) geri almaqda çətinlik çəkən Vergilər Nazirliyinə könüllü borc toplanması o qədər də asan başa gəlməyəcək."


MediaFax