Bəşəriyyət 4 gündən sonra yeni 2017-ci ilə qədəm qoyacaq.
Geridə qoyduğumuz 2016-cı ildə dünyanı narahat edən qlobal problemlər, xüsusən bütöv bir ölkəni viran halına salan Suriya vətəndaş müharibəsi öz həllini tapmadı.
Bu situasiyada bir çox analitik mərkəzlər və ekspertlər 2017-ci ildə dünyanı narahat edəcək qlobal problemlər barədə fikir mübadiləsi aparır və öz rəylərini bildirirlər.
2017-ci ildə dünyanı gözləyən əsas siyasi proseslər barədə məlumat veririk.
Almaniya və Fransada seçkilər.
Heç şübhəsiz ki, Avropa Birliyinin əsas lokomotivləri sayılan Fransa və Almaniya bu il özlərinə yeni rəhbər seçəcəklər. Belə ki, 2017-ci ilin mayında Fransada prezident, sentyabrda isə Almaniyada kansler seçkiləri keçiriləcək. Avropaya miqrant axını fonunda ultra-sağçı millətçilərin mövqelərini gücləndirdiyi dövrdə bu iki nəhəng ölkəyə kimin rəhbər seçiləcəyi şübhəsiz ki, böyük maraqla gözlənilir. Əgər populist görüşləri ilə seçilən millətçilər qalib gələrlərsə, onda "Brexit”-dən sonra şok keçirən Avropa Birliyi növbəti çətin sınaq qarşısında olacaq.
Donald Trampın xarici siyasəti.
Gələn il yanvarın 20-də prezident səlahiyyətlərinə rəsmən başlayacaq Donald Tramp ABŞ-ın xarici siyasətində önəmli dəyişikliklər edəcəyini deyir. Heç bir siyasi təcrübəsi olmayan biznesmenin dünyanı narahat edən qlobal konfliklərdə - Ukrayna və Suriya münaqişlərində sərgiləyəcəyi mövqe böyük maraq doğurur.
Vladimir Putinin xarici siyasəti.
Rusiya prezidenti "Forbes” jurnalı tərəfindən ardıcıl 3-cü dəfə "ilin adamı” seçilib. Ukrayna və Suriya münaqişələrində əsas oyunçuya çevrilən Moskva bu aktivliyinə görə ABŞ və Avropa Birliyinin sanksiyaları ilə üzləşib. 2017-ci ildə Putinin bu münaqişə bölgələrində hansı siyasət yürüdəcəyi böyük maraq doğurur.
Brexit.
Böyük Britaniyanın Avropa Birliyindən ayrılması ilə bağlı keçirilən referendum 2016-cı ilin ən yadda qalan hadisələrindən biri oldu. London Brüsseldən ayrılma prosedurunu 2017-ci ilin sonlarına qədər yekunlaşdırmağı planlaşdırsa da, hazırki situasiyada qeyri-müəyyənlik davam edir. Ekspertlərin fikrincə, ingilis funt-sterlinqi yalnız 2018-ci ildə dollara qarşı dəyər qazana biləcək. Brexit Britaniya iqtisadiyyatına 50 milyard funt sterlinqdən artıq zərər də vurub.
Miqrant böhranı.
2017-ci ildə Avropa Birliyi hələ də miqrant böhranı ilə qarşı-qarşıya gələcək. Şimali Afrika və Yaxın Şərq ölkələrindən yaxşı həyat arxasınca Avropaya pənah gətirən miqrantların sayı Türkiyə ilə əldə olunmuş razılaşmadan sonra azalsa da, hazırda Aralıq dənizi boyunca dəniz yolu ilə gələnlərin sayında artım var. Suriya və Liviyadakı münaqişələrlə birbaşa bağlılığı olan miqrant böhranı 2017-ci ildə də Avropa gündəminin əsas müzakirə predmeti olacaq.
Suriya münaqişəsi.
Hazırda yekdilliklə dünyanın 1 nömərli problemi kimi qəbul olan Suriya vətəndaş müharibəsi 2017-ci ildə əd dünyanın başını ağrıtmaqda davam edəcək. Əsas münaqişə tərəfləri (ABŞ, Avropa Birliyi, Əsəd rejimi, Rusiya, Türkiyə, İran) arasında yekun razılığın olmaması, suriyalıların qarşıdakı ildə də əziyyət və məhrumiyyətlərinin davam edəcəyindən xəbər verir.
İŞİD.
Öz amansızlığı və nümayişkaranə qəddarlığı ilə "Əl Qaidə”ni kölgədə qoyan İŞİD dünyanın əsas qlobal təhlükələrindən biri olmaqda davam edir. 2016-cı ildə bır sıra ərazilərini itirsə də, Avropada törədilən silsilə terror aktları qruplaşmasının hələ də aktiv bazaya malik olmasından xəbər verir./modern.az/
MediaFax