Futbolçu Cavid Hüseynovdan Xəbər var

Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə prosesin keçiriləcəyi tarix məlum olub.
 
Onun şikayəti üzrə məhkəmə prosesi oktyabrın 12-də keçiriləcək. Prosesə hakim Həsən Əhmədov sədrlik edəcək.
 
Qeyd edək ki, sentyabrın 16-da Bakı Apellyasiya Məhkəməsində keçirilən iclas zamanı C. Hüseynovun vəkili ilkin baxış iclasının qərarından kassasiya şikayəti verdiyini deyib. Buna görə proses qeyri-müəyyən vaxtadək təxirə düşüb.
 
Jurnalist Rasim Əliyevin 2015-ci il avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata ayrılıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər - Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
 
Cavid Hüseynov isə 4 il müddətinə azadlıqdan məhrum olunub./APA/

MediaFax