Fotoaparatla metroya girmək olar, olmaz? - Araşdırma

Bakı metrosunda foto çəkmək uzun zamandır ki, qadağandır. Bütün stansiyalarda bununla bağlı xüsusi lövhələr də var.

"Foto çəkmək qadağandır" yazılmış xəbərdarlıq lövhələri stansiyaların divarlarına vurulub. Hər kəs bu qadağanın fərqindədir. Amma bir məsələ var ki, daimi mübahisə səbəbi olur. O da metrostansiyaları mühafizə edən polislərlə bağlıdır.

Bakıda yetərincə fotoqraf və ya fotoaparatı olan şəxslər var. Onlar da çox vaxt metrodan istifadə edirlər. Fotoqrafların üzərində hər zaman fotoaparat olur, amma daimi çanta ilə gəzmirlər. Polislər isə bunu problem yaradır. Belə ki, çantasız, sadəcə fotoaparatı çiynində olan fotoqraflar metroya daxil olmaq istəyəndə polislər onlara mane olurlar.

Səbəb kimi də, fotoaparatın çantada olmadığını, açıq şəkildə metroya daxil ola bilməyəcəyini deyirlər. Üstəlik belə bir qanunun olduğunu da bildirirlər. 

"Bakı Metropolitenindən istifadə qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı var. Bu qərarda metroda foto və ya videonun çəkilməsi ilə bağlı bir bənd var. Həmin bənddə belə deyilir: "Bakı Metropoliteni rəhbərliyinin icazəsi olmadan foto, video və kino çəkilişləri aparmaq qadağandır". Gördüyünüz kimi burada "Fotoaparat çantada olmalıdır" deyə bir bənd yoxdur.

Bəs, bu "qanun" və ya "qərar" harada yazılıb? Kim təyin edib? Bununla bağlı ilk olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə əlaqə saxladıq.

Qurumun sözçüsü bildirdi ki, belə bir qayda yoxdur: "Çantasız fotoaparat keçirmək olmaz deyə hər hansı bir qayda yoxdur. Burada məsələ aydındır, haqlısınız. Amma metro strateji obyekt sayıldığı üçün burada foto çəkmək olmaz. Polislər də bu qaydalara riayət edilməsi üçün bu addımı atmış ola bilərlər. Polislər bizim əməkdaşımız deyillər deyə onlara təsirimiz yoxdur. Lakin bir daha deyirəm ki, metorstansiyalara çantasız, örtüksüz fotoaparatla daxil olmaz deyə bir qayda yoxdur".

Bakı Metropoliteninin Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi Cavid Cəfərov bildirdi ki, polis "Aparatı çantaya qoymasanız, sizi metroya buraxmıram" deyə bilməz: "Biz hər zaman metronun təhlükəsizliyini qorumalıyıq və qoruyuruq. Bu günə qədər də problem olmayıb. Metro strateji obyekt sayılır və buranın öz qaydaları var. Amma fotoaparat mütləq çantada olmalıdır deyə bir qayda yoxdur. Məsələ burasındadır ki, polis fotoaparatı görür və bilmir ki, həmin şəxs foto çəkmək istəyir, ya yox. Gördüyü şeyə görə qərar verir, nöqsan tutur. Polis deyə bilər ki, "Zəhmət olmasa aparatı çantaya qoyun", amma "Aparatı çantaya qoymasanız sizi metroya buraxmıram" deyə bilməz. Biz bunu mütləq araşdırarıq"./musavat.com/

MediaFax