Fırıldaqçılığın yeni üsulu...

Müxtəlif üsullarla insanları aldadanlar - mənzil fırıldaqçıları, işə düzəltmək adı ilə vətəndaşların pullarını mənimsəyənlər, qanunsuz torpaq alqı-satqısı ilə məşğul olanlar və s. bu kimi əməllərin sahibləri haqqında dəfələrlə yazmışıq.
 
Bugünkü "qəhrəmanımız” öz dəsti-xətti ilə digər həmkarlarından fərqlənir. O, dekorativ ağacların satışı ilə məşğul olan mağaza sahiblərinə imkanlı şəxslərin bağında əkmək üçün gül, ağac lazım olduğunu deyərək onları tora salırmış...

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 1990-cı il təvəllüdlü Cəfər Cəfərovun məhkəmə istintaqı yekunlaşıb.

Məhkəmə prosesinə hakim Mirzə Xankişiyev sədrlik edib.

Məhkəmədə müəyyən edilib ki, Cəfər Cəfərov 12 iyun 2014-cü ildə Novxanı qəsəbəsi ərazisində yerləşən gül mağazasına gələrək, dükanın sahibi Akif Əliyevi inandıraraq, özünü imkanlı şəxsin işçisi kimi qələmə verməklə, ondan bağda əkilməsi üçün 32 min manatlıq müxtəlif gül və ağac kötükləri götürüb pulunu bir neçə gün ərzində verəcəyini deyib. Eyni üsulla Buzovna-Zuğulba yolundakı dekorativ ağacların satışı ilə məşğul olan Sənan Tağıyevə özünü "Aqil” kimi təqdim edərək, ondan 5 min manat məbləğində gül, ağac apararaq pulunu bir-iki günə gətirəcəyini biidirib.

C.Cəfərov həmçinin Ramil Hüseynovu ağaclara qulluq etmək üçün xüsusi dərmanlar gətirəcəyi, İlkin Əliyevi isə gözəllik salonuna və restoranına ot örtüyü əkəcəyi ilə aldadaraq pullarını mənimsəyib.

Təqsirləndirilən şəxs qismində dindirilən Cəfər Cəfərov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində dekorativ ağacların alqı-satqısı ilə məşğul olduğunu, Akif Əliyevdən dəfələrlə ağaclar alıb pulunu verdiyini göstərib. Sonuncu dəfə aldığı müxtəlif ağacları yol polis rəisi işləyən Bayram adlı şəxsin tapşırığı ilə onun dostunun bağ evinə apardığını deyib. Maddi vəziyyətinin pis olduğuna görə Ramil Hüseynovdan və İlkin Əliyevdən aldığı pulları xərclədiyini bildirib: "Sənandan aldığım 5 min manat dəyərində ağacları Bayramın Masallıdakı otelinə də göndərmişdim. Sənan da sonradan Binəqədi rayon prokurorluğuna müraciət etmişdi, araşdırma aparılırdı. Sənanla müqavilə bağlamışdım, pulunu hər ay ödəyirdim”.
 
 

Zərərçəkmiş şəxs qismində dindirilən Akif Əliyev ifadəsində fərdi sahibkarlıqla məşğul olduğunu, Cəfəri bir ildir tanıdığını, onun mağazaya səliqəli geyinib gəldiyini, özünü imkanlı şəxsin işçisi kimi təqdim etdiyini göstərib: "Zəng vurub adının "Seymur” olduğunu, bir vəzifəli şəxsə külli miqdarda dekorativ ağaclar lazım olduğunu dedi. Mən də görüşməyi təklif etdim. Mağazaya gələndə gördüm ki, çox yaxşı və səliqəli geyinib, maşında da fəhlələr var idi, inandım. Fikirləşdim ki, həqiqətən də imkanlı və vəzifəli şəxsin yanında məhz belə adam ola bilər. Ondan həmin şəxsin adını, kim olduğunu soruşsam da demədi. "Lazım gəlsə özü əlaqə saxlayar” deməklə kifayətləndi. Ağacları sayıb kənara qoydum, ümumi dəyəri 32 min manat idi. "Seymur” dedi ki, malı aparım baxsınlar, bəyənsələr on günə pulunu gətirərəm. Mən də inandım. Bir ay keçsə də pulumu gətirib çıxartmadı. Dəfələrlə zəng vurub pulumu istədim. Dedim həmin imkanlı adamın nömrəsini ver, özüm əlaqə saxlayım, xahiş edim, mənim pulumu qaytarsın, razılaşmadı. Sonradan öyrəndim ki, məni aldadan şəxsin adı "Seymur” deyil, Cəfər imiş. Cəfəri nə qədər axtarsam da, tapa bilmədim. Sonradan eşitdim ki, Cəfər barəsində Xətai RPİ-də cinayət işi başlanıb, həbs edilib. Ona görə də, ərizə ilə müraciət etdim”.
 
 

Zərərçəkmiş şəxs qismində dindirilən Sənan Tağıyev ifadəsində 2014-cü ilin yay aylarında bir nəfər şəxsin mağazaya gələrək özünü "Aqil” kimi təqdim etməsini, mağazadan gül alaraq pulunu verdiyini, ona görə də, etibarını qazandığını deyib: "Həmin ilin sentyabr ayında "Aqil” gəlib 5 min manatlıq gül və ağac kötükləri aparıb getdi. Pulunu üç gün ərzində qaytaracağını desə də, qaytarmadı. Hər dəfə zəng vuranda müxtəlif bəhanələr gətirir, pulu ödəməkdən boyun qaçırırdı. Sonradan onun adının Cəfər olduğunu öyrəndim. Onu tapa bilmədiyimə görə Xəzər RPİ-nə müraciət etdim. Onlar Cəfəri tapdılar. Cəfər 1000 manat verdi, qalan pulu da bir il ərzində hissə-hissə ödəyəcəyinə dair müqavilə bağladı”.

Məhkəmənin hökmü ilə Cəfər Cəfərov 7 il müddətinə azadlıqdan məhrum edilib./virtualaz.org/

MediaFax