Tailandda məmurların yaratdığı, yüzlərlə filin saxlandığı düşərgələrlə bağlı qalmaqal böyüyür.
Hökumət ictimai təzyiqlərdən sonra belə düşərgələrə görə cavabdehlik daşıdığını etiraf etməli olub.
Sözügedən düşərgələrin guya vəhşi təbiətin mühafizəsi məqsədilə yaradıldığı söylənilsə də, tez-tez meşə fillərinin ovlandığı, diri ələ keçirildiyi, yüzlərlə filin düşərgə şəraitində əsarətdə saxlandığı məlum olub. Tailand hökumətinin bu təhlükəli tendensiyaya dəstəyinin fəlakətlərə səbəb ola biləcəyini düşünənlər, nəhayət ki, hökumət evinin müqavimətini qıra biliblər.
Baş verənlər barədə "Bangkok Post”a danışan Vəhşi Heyvanların Mühafizəsi Departamentinin təmsilçisi deyib ki, möhtəkirlər hətta film çəkilişləri zamanı istifadə olunan, yaxud turizm məqsədilə fillərlə işləyən təlimçilərin də fillərini tutub əllərindən alırlar: "Bu böyük bir qrupdur, onlar deyirlər ki, filləri meşəyə buraxacaqlar, lakin apardıqları fillərlə biznes qururlar, hətta fil balalarını da tuturlar, guya yenidən təbiətin qoynuna qaytaracaqlar. Əslində isə onlar fillərə qarşı əsl soyqırımı həyata keçirirlər”.
İctimai təzyiq altında qalan hökumət yenidən araşdırmalara, yoxlamalara başlayıb. Mütəxəssislərin söylədiyinə görə, öncəki yoxlamada hökuməti təmsil edən nümayəndə sərxoş vəziyyətdə kobudluq edərək bəzi sənədləri qarışdırdığına görə istintaq yenidən aparılmalıdır.
Əvvəlcə Tailand hökuməti belə fermaların şəxsi təsərrüfat olduğunu önə çəkərək bununla bağlı dövlətin məsuliyyət daşımadığını iddia edirdi. İndi isə fil düşərgəsi quranları qanunla sərt cəza və böyük məbləğdə cərimələr gözləyir./novator.az/
MediaFax