Evə basqın: 22 manat oğurladılar...

Lənkəranda quldurluq edən iki nəfər saxlanılıb.

Avqustun 29-da, gecə saat 3 radələrində Lənkəran rayonunun Veravul kənd sakini, 78 yaşlı Mirzəyeva Dilarə Bayram qızının yaşadığı mənzilə iki nəfər maskalı şəxs basqın edib. Naməlum şəxslər onun həyat və sağlamlığına təhlükə yaradan əməllər törədərək qadından pul və qızıl tələb ediblər. Lakin, evdən istədiklərini tapa bilmədikdə qadının 22 manat çörək pulunu götürərək evi tərk ediblər.

Lənkəran Rayon Şəhər Polis Şöbəsi İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru Nizami Məhərrəmovun verdiyi məlumata görə, əməliyyat-istintaq hərəkətləri zamanı evə maska ilə daxil olan şəxslərin Veravul kənd sakinləri - 1988-ci il təvəllüdlü Cəmil Zəfər oğlu Mirzəyev və 1974-cü il təvəllüdlü Zəfər Barat oğlu Qurbanov olması müəyyənləşdirilib. Yeri gəlmişkən, Mirzəyev zərərçəkənin uzaq qohumudur.

O, 2012-ci ildə də Dilarə Mirzəyevanın evinə basqın edərək evdən 2 min AZN və 400 ABŞ dolları götürərək aradan çıxıb.

İş üzrə faktlar toplanaraq cinayət işinə əlavə olunub. 

Hazırda iş üzrə oğurluq və quldurluq maddələrinin müvafiq bəndlərinə uyğun olaraq cinayət işi başlanıb./report.az/

MediaFax