"Azəriqaz” İstehsalat Birliyi (İB) məcburi köçkünlərin Biləsuvarda məskunlaşdığı 11 qəsəbədə qazlaşdırma işlərinə başlayıb.
Bu haqda saytmıza qurumun mətbuat xidmətinin əməkdaşı İbrahim Kərbalayev məlumat verib.
O qeyd edib ki, məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbədə indiyədək mavi yanacaq olmayıb:
"Hazırda briqadalar daşıyıcı, məhəllə daxili qaz xətlərinin çəkilməsi üçün iş aparırlar. İşlər yekunlaşdıqda, ümumilikdə məcburi köçkünlərin yaşadığı 11 qəsəbə üzrə 4456 ev təbii qazla təmin olunacaq”.
İ.Kərbalayev işlərin yaxın zamanlarda yekunlaşacağını deyib:
"İşlərin yekunlaşdırılması ilin sonuna çəkməyəcək. Çünki ərazidə sürətli iş gedir”.
Qeyd edək ki, Biləsuvar rayonu ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Cəbrayıl qəsəbələrində qazlaşdırılma aparılmadığından əhali yalnız elektrik enerjisindən istifadə etmək məcburiyyətində qalıb. Ərazidə elektrik enerjisinin verilişində tez-tez fasilələr yarandığından məcburi köçkünlər 2016-cı il dekabrın 23-də etiraz aksiyası keçirmişdilər./modern.az/
MediaFax