Erməni müxalifət lideri: “Azərbaycan bizi 10:0 hesabı ilə darmadağın etdi”

Ermənistan ictimaiyyəti Dağlıq Qarabağa qanunsuz səfər edən Aleksandr Lapşinin Azərbaycana verilməsindən dərin şok keçiriblər.  

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, iqtidara yaxınlığı ilə seçilən Beynəlxalq Sülh və Beynəlxalq Əlaqələr İnstitutunun rəhbəri Stepan Safaryan ölkəsinin Belarusdakı səfirinin geri çağırılmasını tələb edib.
 
"Belarusdakı səfirimiz rüsvayçılıqla qovulmalıdır. Ermənistanın AŞPA-dakı nümayəndə heyəti yanvar sessiyasındakı çıxışında Belarus və Azərbaycanın insan haqlarını pozması barədə çıxış etmədi. Parlamentimiz tərəfindən həmin nümayəndə heyətinə sərt töhmət verilməlidir. Qalan məmurlar haqda isə susuram”.
 
Müxalifətdəki "İrs” partiyasının rəhbərlərindən olan David Sanasaryan isə Lapşinin həbsindən sonra heç bir ağlı başında olan əcnəbinin Qarabağı ziyarət etməyəcəyini deyib.

"Bütün bu olanlardan sonra Ermənistan sərt addımlar atmasa, deməli Azərbaycan bizi 10:0 hesabı ilə darmadağın edib. Əcnəbilər yeni "lapşinlər” olmamaq üçün Qarabağa getməyəcək. Belarus Azərbaycanın müttəfiqi olaraq qalır. Amma nədənsə, Ermənistan heç bir müttəfiqinin olmadığı və çürümüş Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyünü saxlayır. Əksinə, bu təşkilatlara üzv dövlətlər Azərbaycanın müttəfiqləridir”.

MediaFax