Erməni mafiyasına qarşı “Bakı” əməliyyatı - Almaniyada

Altı ildən çoxdur ki, Almaniyanın cinayət axtarış polisi Erfurt şəhərində erməni mafiyasını "ovlamaqla” məşğuldur.
 
Virtualaz.org alman mediasına istinadən xəbər verir ki, bu müddət ərzində 70 mindən çox telefon danışığı dinlənilib, avtomobillər və çoxsaylı şübhəlilər izlənilib. Və maraqlıdır ki, nəyə görəsə alman polisi erməni mafiyasına qarşı hələlik o qədər də uğurlu nəticələr verməyən əməliyyatın kod adını "Bakı” qoyublar.
 
Ola bilsin bu, mafiyanın liderləri arasında Bakıdan olan ermənilərin mövcudluğu ilə bağlıdır. Mafiya ovu çərçivəsində keçirilən əməliyyatlardan birində polis şübhəli avtomobili yoxlamaq üçün saxlayıb. Avtomobildən düşən iki Ermənistan vətəndaşı qışqıra-qışqıra nəsə danışmağa, telefonla kimlərəsə məlumat verməyə başlayıb. Çox keçmədən hadisə yerinə içərisində ermənilər olan daha bir neçə avtomobil gəlib, vəziyyət gərginləşib və polis ancaq köməyə əlavə qüvvələr çağırandan sonra vəziyyəti nəzarət altına ala bilib.
 
Təhqiqatlar göstərib ki, erməni mafiyası Almaniyanın ən iri kriminal qruplaşmalarından biridir. Qruplaşmanın bütün ölkə boyu yayılmış şəbəkəsi var. Hətta Çexiya, Hollandiya, Belçika, İspaniya, İtaliya və Rusiyada da təmasları mövcuddur. Erməni mafiyası Almaniyada narkoticarət, qadın alveri, reket və digər cinayətlərlə məşğul olur.

MediaFax