Erməni hərbçi Ağdamda maşını aşırtdı - Ölüm ayağındadır

Erməni hərbçi yol qəzası törədib.
 
İşğal olunmuş Azərbaycan torpaqlarında xidmət edən hərbçi Valod Şabatyan Ağdam şəhəri yaxınlığında idarə etdiyi "QAZ-24” markalı minik maşınını aşırıb. Nəticədə o, ağır xəsarət alıb. Həkimlər vəziyyətini ağır qiymətləndirir.
         
Xatırladaq ki, rəsmi məlumatlara əsasən, ötən ilin  dekabrında erməni hərbçilərin iştirakı ilə bir neçə ağır yol-nəqliyyat hadisəsi baş verib. 
 
Belə ki, dekabrın 8-də Sünik vilayətində "Lexus” markalı avtomobilin yoldan çıxaraq dərəyə aşması nəticəsində Ermənistan müdafiə nazirinin təhlükəsizlik xidmətinin əməkdaşları - kapitan Aleksan Simonyan və leytenant Armen Musikyan həlak olub.
 
Dekabrın 23-də Ararat vilayətinin Yerasx kəndi yaxınlığında təlim-məşq toplantısından Dağlıq Qarabağa geri qayıdan əsgərlərlə dolu avtobus qəflətən alışaraq yanıb. Hadisə nəticəsində xəsarət alan olmasa da nəqliyyat vasitəsi və onun içindəki əmlak, silah-sursat tam yanaraq yararsız hala düşüb.
 
Nəhayət, dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini general-leytenant Enriko Apriamov və onu müşayiət edən şəxslər yol-nəqliyyat qəzasına düşüblər. Hadisə Yerevan-Artaşat yolu ilə hərəkət edən "Lexus” markalı avtomobilin sürət həddini aşaraq dirəyə çırpılması nəticəsində baş verib. Hazırda E.Apriamovun həkim nəzarəti altında reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir. Hadisə nəticəsində digər xəsarət alanların vəziyyəti barədə heç bir məlumat verilmir.

MediaFax