Ankara Vaşinqtonun Suriyanın Raqqa şəhərinin İŞİD terrorçu qruplaşmasından azad edilməsi ilə bağlı təklifini qəbul etməyə hazırdır.
"Hürriyet" qəzetinin verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə bildirib.
"İŞİD-in əsas mərkəzi Raqqa şəhəridir. ABŞ prezidenti Barak Obama Türkiyə ilə birlikdə Raqqa şəhərinin azad edilməsini istədiklərini bildirib. Cavab verdik ki, bizim tərəfimizdən heç bir problem yoxdur və təklif etdik ki, hərbçilərimiz bir araya gələrək bu məsələni müzakirə etsinlər”, - deyə Türkiyə prezidenti qeyd edib.
R. T. Ərdoğan, həmçinin, diqqətə çatdırıb ki, Türkiyə regionda mövcud olduğunu göstərməli və geri addım atmamalıdır.
Türkiyə prezidenti habelə qeyd edib ki, Ankaranın Vaşinqtonla birgə Suriyanın şimalında əməliyyatlar həyata keçirməklə bağlı heç bir problemi yoxdur.
Qeyd edək ki, Raqqa şəhəri 2013-cü ildən terrorçuların nəzarətindədir. İŞİD şəhəri "paytaxt" elan edib./apa.az/
MediaFax