Ər arvadını niyə yandırdı? - Yenilənib

17:06 
 
Ağdamda ər arvadını yandırıb.
 
Hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb. Yanıq xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Vəliyeva Kima Zaman qızı polisə ilkin ifadəsində həyat yoldaşı İsmayıl Əliyev tərəfindən yandırıldığını bildirib.
 
Ağdam Rayon Polisi İdarəsindən verilən xəbərə görə, İ. Əliyev arvadı, K. Vəliyevanın üstünə benzin tökdükdən sonra od vurub.
 
K. Vəliyevanın müəllim olduğu bildirilir.
  
Faktla bağlı araşdırma aparılır./APA/
 
-------------
18:04
 
Ağdam rayonunda orta məktəb müəlliminin həyat yoldaşı tərəfindən yandırılması ilə bağlı təfərrüatlar məlum olub.

Ağdam rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Mahrızlı kənd sakini, 1960-cı il təvəllüdlü Vəliyeva Kima Zaman qızı yanıq xəsarətləri ilə Ağdam rayon Xəstəxanasına daxil olub. Qadın həyat yoldaşı Vəliyev İsmayıl Bəndəli oğlu tərəfindən benzinlə yandırıldığını bildirib. Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisə ərlə arvad arasındakı ailə münaqişəsi nəticəsində baş verib. Zərərçəkmiş K.Vəliyeva ilə həyat yoldaşı İ.Vəliyev arasında uzun müddətdir mübahisə yaşanır.

K.Vəliyeva həyat yoldaşını evdən qovmaq və onunla ayrılmaq istəyib. Noyabrın 10-da tərəflər arasında yenidən mübahisə olub və K.Vəliyeva ərini evdən qovub. Həyat yoldaşının bu hərəkətinə əsəbiləşən İ.Vəliyev K.Vəliyevanın dərs vəsaitlərini yandırmaq istəyib. İ.Vəliyev kitabların üzərinə benzin töküb öd vurarkən K.Vəliyeva ona mane olmaq istəyib. Hadisə nəticəsində K.Vəliyevanın əlləri və ayaqları yanıb. Faktla bağlı araşdırmalar aparılır.

Ağdam rayon Xəstəxanasının baş həkimi Bəxtiyar Haqverdiyev açıqlamasında bildirib ki, K.Vəliyeva aşağı ətrafın bud və baldır hissəsinin səthi yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti orta ağırdır./trend/

MediaFax