Bakıda boşanmaq istəyən qadın qanına qəltan edildi
Statistik məlumatlara görə, hər dördüncü cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verir. Ailədaxili münasibətlərin kəskinləşməsi ər-arvadı düşmənə çevirir, çox zaman ailələr dağılır, cütlüklər və onların uşaqları psixoloji travma alır. Rəsmi nikahın ləğv olunması iddiası ilə məhkəməyə müraciət edən, amma eyni evdə yaşamaq məcburiyyətində qalan cütlüklər arasında mübahisə, münaqişə qaçılmazdır. Boşanma ərəfəsində olanların bir evdə yaşaması isə daha təhlükəlidir. Haqqında söhbət açacağımız hadisədə qadın rəsmi olaraq ayrılmaq istəyir, içkiyə qurşanan ər isə ondan iddia ərizəsini geri götürməyi tələb edir. Sonda biri xəstəxanalıq, digəri həbsxanalıq olur...
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini, 42 yaşlı Bakı şəhər sakini Sahil Babalıyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. İttihama görə, S.Babalıyev 19 iyun 2016-cı ildə yaşadığı Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsindəki evdə həyat yoldaşı Şəhla Babalıyeva ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Ər-arvad arasındakı mübahisə qansız ötüşməyib. Əri tərəfindən bıçaqlanan qadın dərhal xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub. Törətdiyi cinayət əməlinə görə S.Babalıyevə qarşı Cinayət Məcəlləsinin 126.1-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb və barəsində Xəzər rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
"Boşanma ilə bağlı aramızda tez-tez mübahisə düşürdü”
Təqsirləndirilən şəxs qismində dindirilən Sahil Babalıyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində mühafizə şirkətində mühafizəçi işlədiyini, hadisədən əvvəl həyat yoldaşı Şəhlanın boşanmaq üçün Xəzər rayon məhkəməsinə ərizə ilə müraciət etdiyini göstərib: ”İşə Xəzər rayon məhkəməsində baxılırdı. Buna baxmayaraq, Mərdəkandakı evdə bir yerdə yaşayırdıq. Aramızda vaxtaşırı boşanma ilə əlaqədar mübahisə və münaqişələr baş verirdi. Hadisə baş verən gün evdə anam, həyat yoldaşım, azyaşlı övladlarım və rayondan gəlmiş qonağımız vardı. Evdəkilərlə salamlaşıb mətbəxə keçdim. Mətbəxdə Şəhla ilə aramızda mübahisə düşdü. Məni boşayacağı ilə hədələdi, hətta "istəsəm, sənin gözünün qarşısında evə başqasını da gətirərəm” deməsinə əsəbiləşdim. Ani olaraq siyirtmədən bıçağı götürüb Şəhlaya zərbə endirdim. Evdən çıxıb həyətə düşdüm. Təcili yardım Şəhlanı aparandan sonra evə keçdim. Təxminən 20 dəqiqədən sonra polis əməkdaşları gəldilər və məni Xəzər Rayon Polis İdarəsinə apardılar”.
İçkiyə qurşanan ailə başçısı
Zərərçəkmiş şəxs qismində dindirilən Şəhla Babalıyeva ifadəsində 1999-cu ildə bibisi oğlu Sahillə ailə həyatı qurduqlarını, birgə nikahdan iki övladları olduğunu göstərib: ”Birgə yaşadığımız müddətdə Sahil mütəmadi olaraq spirtli içki qəbul edir, evdə söz-söhbət salırdı. Son illər isə daha çox içməyə başladığından, dəfələrlə boşanmaq vəziyyətinə gəlib çatmışdıq. Bu ilin aprel ayında ayrılmaq üçün məhkəməyə müraciət etdim. İşimiz məhkəmədə olduğundan, Sahillə aramızda tez-tez mübahisə düşürdü”.
"Boşanma ərizəsini geri götür!”
Ş.Babalıyevanın ifadəsinə görə, hadisə baş verən gün həyat yoldaşı evə yenə də içkili vəziyyətdə gəlib: ”Mətbəxdə oturmuşdum. Axşam saat 9 olardı. Sahil evə gəldi, yenə sərxoş idi. Mətbəxə keçib mübahisə etməyə başladı. Boşanma ərizəsini geri götürməyəcəyim təqdirdə bıçaqla vuracağını dedi. Bir andaca siyirtmədən götürdüyü bıçaqla məni vurdu. Həmin vaxt bizdə olan rəfiqəm Sahili itələməsəydi, bəlkə də bıçaqlayıb öldürəcəkdi. Təcili yardım maşını ilə məni xəstəxanaya apardılar. Daha sonra nə baş verdiyini xatırlamıram. Özümə gələndə artıq əməliyyat olunmuşdum. Artıq rəsmi olaraq ayrılmışam. Sahildən heç bir şikayətim yoxdur, onu övladlarıma görə bağışlayıram”.
"Evlənəndən bəri yola getmirdilər”
Şahid qismində dindirilən Ruzə Babalıyeva oğlu ilə qardaşı qızının 15 ildir ailə qurduqlarını, evləndikləri gündən bəri heç cür yola getmədiklərini bildirib: ”Şəhla qardaşım qızıdır. Mənimlə bir evdə yaşayırdılar. Evləndikləri vaxtdan bəri yola getmirdilər. Aralarında həmişə mübahisə olurdu. Son vaxtlar isə münasibətləri lap kəskinləşmişdi. Hadisə baş verən gün mətbəxdən qışqırıq səsi gəldiyini eşitdim. Gələndə gördüm ki, Sahil əlində bıçaq mətbəxdən çıxır. Təcili yardıma zəng vurdum, gəlini xəstəxanaya apardıq”.
Məhkəmənin hökmü ilə Sahil Babalıyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
MediaFax