Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 2016-cı ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib.
AMB-də saytımıza verilən məlumata görə, Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov bildirib ki, hesabat dövründə qlobal və regional səviyyədə gedən iqtisadi proseslərin dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına təsirləri davam edib. Bununla əlaqədar milli iqtisadiyyatın dayanıqlığının gücləndirilməsi çağırışları daha da aktuallaşıb, iqtisadi siyasətdə adekvat dəyişikliklər həyata keçirilib.
Qeyd olunub ki, məzənnə rejiminin liberallaşdırılması mövcud iqtisadi şəraitdə obyektiv reallığa çevrilib və bu, tədiyə balansının, valyuta ehtiyatlarının strateji dayanıqlığının artırılmasında, habelə ölkə iqtisadiyyatının qlobal iqtisadiyyatdan gələn mənfi təsirlərdən effektiv qorunmasında, həmçinin pul siyasətinin çevikliyinin və makroiqtisadi səmərəsinin gücləndirilməsində mühüm addımlardan biridir.
Məzənnə rejiminin çevikliyinin artırılması üçün E.Rüstəmov 2016-cı ildə görülən hazırlıq işlərinə də toxunub. Qeyd edilib ki, Prezident İlham Əliyevin 15 iyul 2016-cı il tarixində "Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” imzaladığı fərman və bu fərmandan irəli gələrək "2017-ci ildə və ortamüddətli dövrdə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə Tədbirlər Planı”nın hazırlanaraq təsdiq olunması və icrasına başlanması mühüm əhəmiyyət kəsb edir.
Müzakirələrdə qeyd edilib ki, AMB-nin fəaliyyətinin bütün istiqamətlərinin müasirləşdirilməsi üzrə intensiv iş aparılıb, pul proqramı üzrə əməliyyat hədəflərinin reallaşması təmin edilmiş, valyuta bazarında manatın məzənnəsinin kəskin volatilliyinə yol verilməyib, Mərkəzi Bankın mandat və funksiyalarına uyğun istiqamətlər üzrə tədqiqatlar aparılıb, institusional inkişaf prosesi sürətlənib, insan resurslarının inkişafına diqqət artırılıb, funksional və biznes proseslərinin səmərəli yerinə yetirilməsi üçün layihələr həyata keçirilib.
E.Rüstəmov iclasa yekun vuraraq Mərkəzi Bankın qarşısında duran başlıca vəzifələrə diqqəti çəkib. Bildirib ki, Prezidentin irəli sürdüyü inkişaf strategiyasına uyğun olaraq milli iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli sənaye və kənd təsərrüfatı klasterlərinin inkişaf etdirilməsi, beləliklə orta müddətli dövrdə özəl investisiyalara və ixraca arxalanan iqtisadi artım modelinə keçidin sürətlənməsi, bu əsasda daha dayanıqlı iqtisadi artımın təmin edilməsi iqtisadi siyasətin qarşısında duran başlıca strateji çağırışdır. O, 2017-ci ildə qarşıda duran vəzifələr, o cümlədən makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasında AMB-nin Maliyyə Sabitliyi Şurasının fəaliyyəti çərçivəsində görəcəyi işlər, pul siyasətinin əsas istiqamətləri, habelə ödəniş sistemlərinin inkişafı sahəsində nağdsız iqtisadiyyatın genişləndirilməsi vəzifələri, nağd pulun idarə edilməsi sahəsində ilk növbədə iqtisadiyyatın nağd pula olan tələbi vaxtında və müvafiq strukturda ödənilməsinin vacibliyi, eləcə də Mərkəzi Bankın daxili institusional inkişafı sahəsində görüləcək tədbirlər barədə məlumat verib.
Yekun nitqinin sonunda E.Rüstəmov yeni çağırışlardan, xüsusilə də Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsindən, Mərkəzi Bankının 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatından, eləcə də Maliyyə Sabitliyi Şurasının qəbul etdiyi Tədbirlər Planından irəli gələn aidiyyəti vəzifələrin uğurla icrasında Mərkəzi Bankda insan kapitalının, tədqiqat və analitik bazasının, idarəetmə proseslərinin daha da müasirləşməsi və inkişafının vacib rol oynayacağını bildirib./bakipost.az/
MediaFax