İlham Əliyevin Belçika görüşləri - Yenilənib

12:08 
 
Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini ilə işçi səhər yeməyi edib.
 
Azərbaycana səfərini məmnunluqla xatırlayanF. Moqerini əməkdaşlığımızın daha da möhkəmləndirilməsi, əlaqələrimizin bundan sonra da genişləndirilməsi baxımından Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfərinin əhəmiyyətini qeyd edib, Avropa İttifaqında Azərbaycan prezidentinin keçirdiyi görüşlərin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi baxımından önəmli olduğunu bildirib.
 
Azərbaycan ilə əməkdaşlığın Avropa İttifaqı üçün böyük önəm daşıdığını vurğulayan F. Moqerini "Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O, bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və qaz təchizatının şaxələndirilməsində mühüm rolunu qeyd edib və Avropa İttifaqının bu layihənin reallaşmasına bundan sonra da dəstək verəcəyini deyib.
 
Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasını vitse-prezidenti Federika Moqerininin ölkəmizə səfərindən ötən dövr ərzində əlaqələrimizin daha da inkişaf etdiyini bildirib. Avropa İttifaqı ilə əməkdaşlığımızın genişləndirilməsinin həm Azərbaycan, həm də region üçün yaxşı mesaj olduğunu deyən dövlət başçısı Avropa İttifaqının Azərbaycan üçün etibarlı dost və tərəfdaş olduğunu söyləyib. Qeyd olunub ki, Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı etimad yüksək səviyyədədir.
 
Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri, energetika, nəqliyyat, təhlükəsizlik, regional və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
------------
14:46 
 
Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb.
 
Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. 
 
X X X
 
Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevin və Belçika kralı Filipin təkbətək görüşü olub.
 
Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
 
------------
17:17 
 
Azərbaycan prezidenti İlham Əliyevin Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşü olub.
 
Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. 
 
X X X
 
"Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır”.
 
Bu sözləri Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
 
D. Tusk bildirib ki, Brüsseldə Azərbaycan prezidenti ilə məhsuldar görüş olub: "Biz Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi və tədarükün diversifikasiyasında vacib ölkədir. Biz Cənub Qaz Dəhlizi layihəsinin başa çatdırılması ilə bağlı eyni maraqları bölüşürük. Bu, hər iki tərəf üçün əsas prioritetdir. Avropa İttifaqı hələ də Azərbaycanın əsas ticarət tərəfdaşı və aparıcı investorlarından biridir. Biz kommersiya əlaqələrini inkişaf etdirmək niyyətindəyik”.
 
X X X 
 
"Çox şadam ki, sabah biz Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlara başlayırıq".
 
Bunu Azərbaycan prezidenti İlham Əliyev Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
 
O bildirib ki, Aİ-Azərbaycan əlaqələri çox məhsuldardır və yüksək səviyyədədir: "Əməkdaşlığımızı genişləndirmək üçün böyük potensial var. Aramızda çox aktiv siyasi dialoq mövcuddur, mütəmadi görüşlər keçirmişik. Ölkəmizdə siyasi məsələlər və siyasi islahatlarla bağlı müzakirələr aparırıq. Azərbaycanda demokratik islahatların inkişafına sadiqik”.
 
Dövlət başçısı Azərbaycanın Aİ ilə birlikdə Cənubi Qaz Dəhlizi layihəsində aktiv iştirak etdiyini qeyd edib. "Bu, ən böyük enerji layihələrdən biridir, dəyəri 40 milyard dollardır. Bu, enerji təhlükəsizliyi və enerji diversifikasiyası layihəsidir. Bu, nəinki dəhlizlərin, həm də mənbələrin diversifikasiyası deməkdir. Cənub Qaz Dəhlizi layihəsinin icrası müvəffəqiyyətlə davam edir. Avropa əsas investorumuzdur və əsas ticarət tərəfdaşımızdır. Biz Avropada bəzi ölkələri neftlə təmin edirik. Ümid edirik ki, tezliklə qazla da təmin edəcəyik"./APA/
 
-------------
18:54 
 
Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri çərçivəsində Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerlə görüş başlayıb.
 
Prezident bundan əvvəl Avropa İttifaqı Şurasının sədri Donald Tusk, Aİ-nin təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi, vitse-prezident Federika Mogerini və Aİ-nin enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşlər keçirib.

MediaFax