Əli Həsənov “Əl-Cəzirə” telekanalına müsahibə verdi

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Əl-Cəzirə” telekanalına müsahibə verib.
 
Müsahibəni təqdim edirik.

Müxbir: Bugünkü müsahibimiz Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur. Biz onunla Azərbaycanda mövcud vəziyyət və beynəlxalq arenada son vaxtlar özünün balanslaşdırılmış siyasəti və inkişaf etməkdə olan iqtisadiyyatı ilə ön plana çıxan bu ölkənin gələcəyi barədə söhbət edəcəyik.

-Sualımıza Azərbaycanda hökm sürən siyasi vəziyyətlə başlayaq. Azərbaycan bir neçə ölkə ilə əhatə olunub. Onların arasında dostlar da, düşmən də var. Həmçinin bu ölkələrin bəziləri siyasi dəyişikliklər fonunda müxtəlif mövqe sərgiləyirlər. Azərbaycan bu cür müxtəlif siyasət yeridən ölkələrlə balanslaşdırılmış siyasəti necə qoruya bilir?

- Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış xarici siyasət kursu bu gün də dövlətimiz üçün strateji xətt olaraq qalır. Azərbaycan dünyanın ayrı-ayrı güc mərkəzləri, dövlətləri, habelə böyüklüyündən, kiçikliyindən asılı olmayaraq region ölkələri ilə də balanslaşdırılmış, həssas siyasətini qoruyur. Ona görə ki, ölkəmiz sivilizasiyaların qovuşduğu, islam aləminin başa çatdığı və xristian dünyasının başladığı coğrafiyada yerləşir. Yerləşdiyimiz region hər iki aləm üçün müştərəkdir. Tranzit dəhlizlərin çoxu Gürcüstan və Azərbaycan ərazisindən keçərək Asiya qitəsinə doğru, həmçinin Asiyadan başlayaraq Avropaya doğru gedir.

Azərbaycan bölgədə üç böyük və əhəmiyyətli ölkə ilə həmsərhəddir: Türkiyə, İran və Rusiya. Həmçinin Azərbaycan dünyadakı iki nəhəng gücün arasında yerləşir ki, bunlar da NATO ölkələri və Müstəqil Dövlətlər Birliyidir. Münasibətlərin əsas təyinedici amili isə maraqların uzlaşdırılmasıdır. Buna görə də uzun müddətdir Qərb və İran, həmçinin Qərb və Rusiya arasında davam edən gərginlik Azərbaycana heç vaxt təsir göstərməyib. Biz müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin siyasi kursuna əsaslanaraq, bu yolla inamla gedirik.
 
 

- Biz Azərbaycan dedikdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi dərhal yada düşür. Bu problemin həqiqəti nədir? Həqiqətənmi torpaqlar işğal olunub? Burada, real şəkildə, Qarabağ adlı bir bölgənin problemi varmı? Yoxsa, bu problem böyük qüvvələrin regiondakı güc balansı fonunda oyunundan ibarətdir? Bu Qarabağ probleminin həqiqəti nədir?

- Sovet İttifaqı keçən əsrin iyirminci illərində Dağlıq Qarabağda məskunlaşmış ermənilərin mədəniyyət və xüsusiyyətlərini qorumaq üçün həmin bölgəyə Azərbaycanın tərkibində muxtar vilayət statusu verdi. 1980-ci illərin sonlarında, Sovet İttifaqı dağılmağa başlayanda Ermənistan Azərbaycana təzyiq göstərərək həmin regionu öz suverenliyi altına almaq niyyətini açıq ortaya qoydu. Ermənistan xüsusi xidmət orqanları oradakı erməniləri silahlandırmağa başladılar və 1990-cı illərin əvvəllərində Sovet İttifaqından qalan hərbçilərin köməyi ilə Dağlıq Qarabağı və əlavə olaraq Azərbaycanın Dağlıq Qarabağa bitişik 7 rayonunu da istila etdilər. Bu, Azərbaycan ərazisinin təxminən 20 faizi qədərdir. Ermənistandan qovulan 300 min azərbaycanlı da nəzərə alınmaqla işğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Təbii ki, bu, ermənilərin təkbaşına görə biləcəkləri bir iş deyildi. Müəyyən xarici dairələr də həmin dövrdə onların işğalçılıq siyasətinə dəstək verir və bəraət qazandırırdılar. Erməni silahlı birləşmələri Xocalı şəhərinin əhalisini qətlə yetirərək soyqırımı həyata keçirdi və beləcə Dağlıq Qarabağın bütün ərazisi azərbaycanlılardan tamamilə təmizləndi. Onu da qeyd edim ki, artıq dünyanın 10 ölkəsi Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Bu problemlə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Azərbaycanın ədalətli tələbləri dəstəklənir, Ermənistandan işğalçı qoşunlarını Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Həmçinin ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatlar öz qərar və qətnamələrində Azərbaycanın tələbinə haqq qazandırıblar. Lakin çox təəssüf ki, hazırda dünyada hökm sürən ikili standartlara görə, Ermənistan bu qətnamələrə əməl etmir. Bəzi hallarda beynəlxalq təşkilatların, o cümlədən BMT-nin qərarları dərhal icra edildiyi halda, Azərbaycanla bağlı çoxsaylı sənədlər 25 ildir ki, kağız üzərində qalır.

Buna görə də işğal hələ də davam edir. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində və digər ərazilərdə bütün evlər, infrastruktur, tarixi abidələr, o cümlədən məscidlər dağıdılıb. Problem humanitar fəlakət həddinə çatıb.

- Bəziləri deyirlər ki, sizin də bəhs etdiyiniz kimi, Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını, Qarabağ bölgəsini geri almağa qadirdir. Lakin buna digər güclər mane olur. Həqiqətən də bu problemin həllində söz sahibi həmin dövlətlərdir? Yoxsa, siz işğal altındakı ərazilərinizi azad etməyi bacarmırsınız?

- Həqiqət budur ki, münaqişənin həlli ilə bağlı yaradılmış, Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupu Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını istəsə, buna qısa zamanda nail ola bilər. Həmsədrlər düzgün və qəti qərar qəbul etsələr, heç olmasa bu günə kimi qəbul olunmuş çoxsaylı qərarların icrası istiqamətində real addımlar atsalar, problem aradan qaldırılar. Nəzərə alınmalıdır ki, bu problem bütün region, hətta Avropanın təhlükəsizliyinə təhdiddir. Azərbaycan Dağlıq Qarabağda yaşayan ermənilərə azad, öz mədəniyyət və adət-ənənələrini qoruyaraq yaşamaq imkanı verdiyini dəfələrlə bəyan edib.

Azərbaycan öz ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanmasına sonsuza qədər səbir göstərməyəcək. Əksinə, vaxt gələcək ki, Azərbaycan təkbaşına, öz gücü ilə ərazilərini işğaldan tamamilə azad edəcək. Bizim dövlətimiz buna hazırdır.

- İki ay bundan əvvəl, Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirildi. Azərbaycan xalqının 86 faizinin razılıq verdiyi konstitusiya dəyişiklikləri arasında prezidentin səlahiyyətlərinin genişləndirilməsi, prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması, həmçinin fərdi və özəl mülkiyyətlər barədə və digər məsələlərə dair dəyişikliklər var. Həmçinin gənclərin ölkənin siyasi həyatında daha çox iştirakını təmin edən imkanlar yaradılıb. Eyni zamanda, bəzi ittihamlar da var ki, bu dəyişikliklər Azərbaycanı demokratik inkişaf yolundan çəkindirir. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycanda həyata keçirilən Konstitusiya islahatlarının başlıca məqsədi müasir dövrün reallıqları nəzərə alınmaqla dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni çevik və effektiv idarəetmə mexanizmi formalaşdırmaq, insan hüquq və azadlıqlarının qorunması üçün daha etibarlı mexanizm yaratmaq olmuşdur. Bununla yanaşı, hesab edirəm ki, hazırda dünyada iqtisadi böhranın hökm sürməsi, neft hasil edən dövlətlərin bu prosesdən ciddi əziyyət çəkməsi iqtisadi idarəetmə sisteminin daha da təkmilləşdirilməsini, rəqabət qabiliyyətli, güclü, neft amilindən azad iqtisadiyyatın formalaşdırılmasını zəruri etmişdir. Konstitusiya dəyişiklikləri də ilk öncə iqtisadi sahəni hədəfləyir.

Azərbaycan neftdən gələn gəlirlərinin bir hissəsini iqtisadiyyatın inkişaf etdirilməsinə, ölkənin ümumi inkişafına sərf edib. Bunun nəticəsində biz iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa, şəhər və rayonların simasını dəyişdirməyə və müasirləşdirməyə nail olduq. Lakin hazırda neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, milli gəlirin azalması mövcud itkiləri kompensasiya edə biləcək qərarların qəbulunu və müvafiq tədbirlərin görülməsini zərurətə çevirmişdir. Onu da qeyd edim ki, Prezident İlham Əliyev 2016-cı ili həm də iqtisadi islahatlar ili kimi xarakterizə etmiş, bu istiqamətdə çox mühüm addımlar atılmaqdadır.

Beləliklə, referendum iqtisadi idarəetmənin daha fəal şəkildə həyata keçirilməsini və iqtisadi həyatın daha da optimallaşdırılmasını hədəfləyir. Digər tərəfdən, islahatlar xalqın, xüsusilə gənclərin siyasi proseslərdə daha fəal iştirakına yeni imkanlar yaradacaqdır. Dəyişikliklər sayəsində istər Azərbaycanda, istərsə də xarici ölkələrdə ali təhsil almış və uğurlara imza atmış gənclər dövlət quruculuğunda, ölkənin siyasi həyatında daha yaxından iştirak etmək imkanı əldə edirlər.

Prezidentin səlahiyyətlərinin 5 ildən 7 ilə artırılmasına gəlincə, bu, beynəlxalq praktikada da geniş yayılmış təcrübədir. Mövcud dəyişikliklər imkan verəcək ki, dövlət idarəçiliyi sahəsində əldə olunmuş təcrübə praktikada tətbiq edilsin və ölkəni daha sürətlə inkişaf etdirmək mümkün olsun.

Buna görə də əminliklə bildirirəm ki, Azərbaycan xalqının tam dəstəyi ilə həyata keçirilmiş dəyişikliklər qarşıdan gələn dövrdə Azərbaycanın hərtərəfli inkişafına şərait yaradacaqdır. Buna görə də guya bu dəyişikliklərin Azərbaycanda demokratiyanın geriləyəcəyinə səbəb olacağına dair iddiaları əsassız hesab edirəm. Azərbaycan demokratik ölkədir və burada azadlığın sərhədləri çox genişdir.

- Avropa və beynəlxalq insan haqları təşkilatları ittihamlar irəli sürürlər ki, Azərbaycan medianı, müxalifətin səsini boğur, təqib edir və daim çalışır ki, daxili siyasətdə təkhakimiyyətlilik olsun. Həmçinin bu ittihamlar arasında insan hüquq və azadlıqları, söz azadlığının pozulması da var. Bu ittihamlara necə cavab verərdiniz?

- Azərbaycanda media və söz azadlığının olmaması iddiası yalandır və müəyyən maraqlı dairələrin Azərbaycana qarşı apardıqları kampaniyanın tərkib hissəsidir. Bircə Azərbaycanda deyil, müsəlman ölkələrinin əksəriyyətində əhalini, xüsusilə gəncləri müəyyən məqsədlərə uyğun istiqamətləndirməyə cəhdlər edilir. Gəncləri inandırmağa çalışırlar ki, guya onlar sıxışdırılır, guya İslam aləmində demokratiya yoxdur. Bir sıra tanınmış beynəlxalq təşkilatlar və KİV-lər də bu iddiaları həqiqət kimi təqdim edirlər.

Azərbaycanda 3 min 500-dən çox vətəndaş cəmiyyəti təşkilatı var. Bizdə yüzlərlə qəzet, jurnal, onlarla televiziya və radio kanalı fəaliyyət göstərir. Ölkədə internet tam azaddır. Azərbaycanda media azadlığının səviyyəsini görmək üçün gündəlik çıxan qəzetlərə və internetə nəzər salmaq kifayətdir. Bu zaman görəcəksiniz ki, Azərbaycanın media məkanı azad və plüralistdir.

- Azərbaycan Asiya, Avropa, Yaxın Şərq və regionun başqa ölkələri arasında tranzit mərkəzə çevrilməyə, həmçinin enerji tranziti mərkəzi olmağa çalışır. Bunu necə həyata keçirir və bu sahədə hansı işləri görüb?

- Qeyd etdiyim kimi, Azərbaycan Şərq ilə Qərb, Şimal ilə Cənuba gedən yolların qovuşuğunda yerləşir. O, İran vasitəsilə Fars körfəzinə, Rusiya vasitəsilə Şimala, Xəzər dənizi vasitəsilə Asiyaya və Mərkəzi Asiyaya, Gürcüstan vasitəsilə Türkiyə və oradan da Qərbə çıxır. Ötən dövr ərzində Azərbaycan transmilli enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi, ölkənin beynəlxalq tranzit mərkəzinə çevrilməsi sahəsində çox mühüm nailiyyətlər əldə edib. Ölkədə hava, dəniz, dəmir yolu nəqliyyatı infrastrukturu ən müasir standartlara uyğun yenidən qurulub.

Hazırda Azərbaycan ildə 30 milyon ton yükü Çindən Avropaya və Avropadan Çinə, İrandan və Şərqdən Şimala və Rusiyaya, Rusiyadan da Yaxın Şərqə daşımaq imkanına malikdir. Burada ciddi rəqabət vardır və Azərbaycan da beynəlxalq tranzit sistemində yer tutmaq üçün lazımi tədbirlər görür. Bu məqsədlə Azərbaycandan keçən Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində işlər gedir. Ölkəmizdə artıq beynəlxalq səviyyəli yeni hava limanları, dəniz limanı tikilib. Gələn il Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin başa çatması ölkəmizin tranzit imkanlarını kifayət qədər genişləndirəcək, Asiya ilə Avropa arasında yük daşımalarını və kommunikasiyaları asanlaşdıracaqdır.

Həmçinin Azərbaycan özünün enerji ixracı marşrutlarını formalaşdırmış, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri uğurla fəaliyyət göstərir. Eyni zamanda, ölkəmiz böyük təbii qaz hasilatçısıdır və buna görə də Azərbaycan qazının Avropa bazarına çıxarılması üçün "Cənub qaz dəhlizi”nin reallaşdırılmasına - TANAP və TAP layihələrinin tikintisinə başlanılıb.

Beləliklə, Azərbaycan iqtisadiyyatın qeyri-neft sektorunu, daxili istehsalı gücləndirməklə, həmçinin enerji və nəqliyyat layihələrini gerçəkləşdirməklə öz gələcək inkişafını təmin etməyə çalışır.

- Neft-qaz gəlirlərinin azalması, qiymətlərin böyük dərəcədə aşağı düşməsi Azərbaycan iqtisadiyyatına necə təsir edib? Azərbaycan neft-qaz gəlirlərinin azalmasından sonra öz iqtisadiyyatını çevik və davamlı saxlamaq üçün nə etdi?

- Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində deyib ki, neft dövrü artıq bitib və Azərbaycanın inkişafı qeyri-neft iqtisadiyyatının inkişafı ilə bilavasitə bağlıdır.

Neft-qaz gəlirlərinin azalması başqa dövlətlər kimi Azərbaycan iqtisadiyyatına da təsir edib. Təbii ki, hökumət qənaət rejiminə keçib, ikinci planda olan bir sıra layihələrin icrası dayandırılıb. Bununla yanaşı, ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən məsələlərin həlli davam etdirilir, əhalinin sosial təminatında hər hansı problem yaranmayıb.

Yeni şəraitdə Prezident İlham Əliyev dərin iqtisadi islahatların həyata keçirilməsini elan etdi, gəlirlərin neft-qazdan asılılığının tədricən azalmasına əsaslanan yeni iqtisadi siyasətin reallaşdırılmasına başlandı. Beləliklə, Azərbaycan üçün 3 sektorun inkişaf etdirilməsi prioritetdir: beynəlxalq nəqliyyat-tranzit şəbəkəsinin formalaşdırılması; torpaqların səmərəli istifadəsi, kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahədə ixrac potensialının yüksəldilməsi; turizm sektorunun inkişafı.

Qeyd edim ki, son illər Azərbaycanın turizm sektoruna böyük investisiyalar yatırılıb. Yüzlərlə müxtəlif səviyyəli otel, onlarla istirahət mərkəzi tikilib.

Həmçinin son illər texnologiya və rabitə sahəsində də ciddi inkişaf vardır. Azərbaycan artıq fəzaya iki süni peyk çıxarıb. Ölkəmiz bu sahəni daha da inkişaf etdirməyə səy göstərir.

- Azərbaycan və ərəb dövlətləri. Əvvəllər Azərbaycan, sanki, ərəb dövlətlərindən uzaq qalmışdı. İslam Əməkdaşlıq Təşkilatının üzvü olsa da, islam dünyası ölkələri ilə əməkdaşlıqdan çəkinirdi. Lakin son dövrlərdə Azərbaycanın ərəb dövlətləri ilə əlaqələrinin inkişafının şahidi olduq, qarşılıqlı səfərlər oldu. Bilirik ki, ərəb dövlətləri, xüsusilə Körfəz ölkələri ilə əməkdaşlığı gücləndirmək üçün Azərbaycanın proqramı var. Azərbaycanın ərəb dövlətləri ilə əməkdaşlığa can atması planının hədəfi nədir?

- Əvvəlcə onu vurğulayım ki, Azərbaycan Prezidenti İlham Əliyev multikulturalizm dəyərlərini, humanitar əməkdaşlığı ən çox təbliğ edən, islamofobiyaya qarşı ən çox çıxış edən dövlət başçılarından biridir. Azərbaycan xalqı və dövləti islam dünyasının hisslərini duyur, müsəlman xalqları ilə həmrəylik nümayiş etdirir, onların ağrılarına ürəkdən yanır. Azərbaycan ərəb-islam dünyasını düşündürən bütün problemləri ən çox müdafiə edən ölkələrdən biridir. Bu gün Azərbaycan bəzi Qərb dairələrinin müsəlmanlardan terrorçu obrazı formalaşdırmaq cəhdlərinə qarşı ən kəskin şəkildə çıxış edən ölkələrdəndir.

Azərbaycanın istər İslam Əməkdaşlıq Təşkilatı, istər başqa beynəlxalq təşkilatlar, istərsə də ikitərəfli çərçivədə islam, o cümlədən rəb ölkələri ilə çox yüksək münasibətləri vardır. Biz bu yaxınlarda İƏT-ə üzv olan bir çox islam ölkələri ilə viza rejimini sadələşdirdik ki, bu da qarşılıqlı səfərlərə, xalqlarımızın bir-birini daha yaxından tanımasına müsbət təsir göstərəcəkdir. Son bir ilin müşahidəsi vətəndaşlarımız arasında qarşılıqlı turist səfərlərinin xeyli artdığını göstərir.

Son zamanlarda Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri ilə müştərək investisiyalar artıb. Müsəlman ölkələrindən iş adamları ticarət, sənaye, inşaat və turizm sahələrində sazişlər bağlamaq üçün Azərbaycana gəlməyə başlayıblar. Hesab edirəm ki, qarşıdan gələn dövrdə bu əlaqələr daha da intensivləşəcək./AZƏRTAC/
 


MediaFax