Xəbər verdiyimiz kimi, mərhum rejissor, Əməkdar İncəsənət Xadimi Ələkbər Kazımovski sentyabrın 19-da Əməkdar artist Nahidə Orucovanın yubileyində qəflətən halı pisləşib və elə oradaca dünyasını dəyişib.
Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Tariyel Qasımov Mediafax.Az-a Ə.Kazımovski ilə bağlı xatirələrin bölüşüb: "Onu yaxşı bir insan kimi tanıyırdım. İstedadlı bir rejissor idi. Atası Rauf Kazımovski cox istedadlı rejissor, gözəl insan idi. Mən Ələkbərin televiziyada quruluş verdiyi - türkmən əsəri olan "Rektorun qəbul günləri” adlı tamaşada baş rolu - rektoru oynayırdım. O, tamaşaya çox əla quruluş vermişdi. Cox heyif. O, həyatda cox ciddi adam oldugu ücün zarafatı xoşlamazdı. Həmişə gülümsəyirdi”.
Telejurnalist Telli Pənahqızı da saytımıza açıqlamasında təəssüf hissi ilə qeyd edib ki, belə istedadlı insanların səssizcə aramızdan getmələrinin səbəbinin araşdırmırıq: "Onu məndən daha yaxşı tanıyanlar var. Biz ayrı-ayrı redaksiyalarda işləyirdik. Amma rastlaşanda salamlaşırdıq, hal-əhval tuturduq bir-birimizdən. Çox mədəni, sakit, ifallı adam idi. Əsl ziyalı, uşaq kimi saf, tər-təmiz təbəssümü vardı. Teatrı əla bilirdi. Nə vaxt rastlaşsaydıq, onu qoltuğunda bir yığın kasset montaj otağına tələsən görürdüm. Hərdən məşhur aktyor və rejissorlarla bağlı xatirələrini bölüşürdü bizimlə. Fikirlərini o qədər səlis və tər-təmiz Azərbaycan dilində izah edirdi ki... Biz istedadlı insanların səssizcə aramızdan getmələrinin səbəbini təəssüf ki, araşdırmırıq. İnsan vardı və bir gün haqqa qovuşdu, itdimi her şey? Məncə yox. Ələkbər Kazımovski televiziyamızda çəkdiyi tele-tamaşalar, sənət adamları ilə bağlı çoxsaylı verilişlərlə həmişə yaddaşlarda qalacaq. Bir də yaxşı adamlardan, etibarlı, sədaqətli, abırlı və istedadlı insanlardan söz düşəndə xatırlanacaq”.
MediaFax