"Azərbaycanın avtomobil yollarında olan vəziyyət biabırçılıq və əsl genosiddir. Qarabağ müharibəsində 30 minə yaxın adam həlak olub, amma o illərdən bu günə kimi 50 min insan isə avtomobil qəzalarında həyatını itirib”.
Bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu günkü iclasında deputat Elmira Axundova deyib.
Deputat təklif edib ki, Azərbaycanda şəxsi maşınlarla xarici turistləri gəzdirmək qadağan olunsun:
"Bu yaxınlarda da 3 ərəb turist Bakıda avto qəzalarda həlak oldu. Yollardakı pis vəziyyətə görə nəsə bir qanun layihəsi qəbul edib ciddi tədbirlər görməliyik. Yaxud da xarici turistlərin Azərbaycanda şəxsi avtomobillərə minməsi qadağan olunsun. Turistlərlə işləyən insanlar, sürücülər xüsusi peşəkar olsunlar. Çünki belə getsə turistləri itirəcəyik”.
Komitə sədri Hadi Rəcəbli isə deyib ki, ölkədə yolların vəziyyəti yaxşılaşdıqca sürət həddi də artır: "Sürət artıqca da təhlükələr çoxalır”.
Deputat Araz Əlizadə bildirib ki, sürücülük vəsiqələrinin satışının qarşısı alınmalıdır: "Yollardakı faciələrin qarşısını almaq istəyiriksə, Azərbaycanda sürücülük vəsiqələrinin satışının qarşısı alınmalıdır. İndi qocalmışam. Gün o gün olsun ki, Bakı- Astara yolunun tam açılmasını görüm. Uzun illərdir ki, bu yolda hissə-hissə təmir gedir. Ancaq biz əgər yollarda ölümün qarşısını almaq istəyiriksə, sürücülük vəsiqəsinin satılmasının qarşısını alımalıyıq.
Hazırda yollarda cavanlar tüğyan edirlər. Bizdə xüsusi maşın nömrələri var ki, onlara polis yaxınlaşmağa qorxur. Onlar ləğv edilməlidir. Bəzi region nömrələri var ki, polis onlara da yaxınlaşmağa qorxur. Onlar da ləğv edilməlidir. Bunlar ləğv edilmədikcə, necə yol çəkilir çəkilsin qəzalar yenə də baş verəcək”./modern.az/