Eldəniz Zeynalovun oğlunun ürək dağlayan HƏYAT HEKAYƏSİ

Sevinərək ilk serial çəkilişinə getdi, yolda insult oldu; Nurəddin Mehdixanlı: "Eldəniz Zeynalovu tanıyan, onunla çalışan insanlar birlikdə nəsə etməlidir”

Xalq artisti Eldəniz Zeynalovun aktyor oğlunun qəfildən insult keçirməsi barədə məlumatlar yayılıb. 38 yaşlı Məmməd Zeynalov oktyabrın 10-da səhər çağlarında serial çəkilişinə gedərkən yolda yıxılıb. Təcili 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən aktyorun beyninə qan sızdığı məlum olub.

Məmməd Zeynalovun bacısı Gülbəniz Zeynalova "Yeni Müsavat”a açıqlama verərək qardaşının vəziyyətinin kritik olduğunu deyib: "Huşu özündədir, amma insult keçirdiyindən nə hərəkət edə, nə də danışa bilmir. Həkimlər deyirlər ki, 21 günə bilinəcək - irəliləyiş varmı, qan sovrulurmu, yoxsa yox. Müalicə aparılır, amma böyrəklərində problem olduğundan təzyiqi yüksəkdir və mübarizə apara bilmir... ”

Gülbəniz Zeynalova qardaşının durumu ilə bağlı rəsmi qurumlara müraciət etmədiyini dedi: "Heç kəsə müraciət etməmişik. Şəhər xəstəxanasıdır, bizdən pul istəyən yoxdur. Deyirlər ki, biz hər şey edirik. Əgər böyrəklərinə dializ lazım olsa, yardım istəyəcəm. Çünki bu ciddi problemdir. Ağız açmağa da utanırıq...”

G.Zeynalova  dedi ki,  Eldəniz Zeynalovun oğlu daim ədalətsizliyin qurbanı olub, ağır günlər yaşayıb: "Ona rol vermirdilər. Deyirdi ki, mənim axı nəyim əskikdir, boy-buxunum, aktyorluq sənətim var. O, Akademik Milli Dram Teatrın səhnəsində rəhmətlik Yaşar Nuriyevlə, Telman Adıgözəlovla tamaşalarda oynayıb. Rəhmətlik Yaşar müəllim onu səhnədə görəndə deyirdi ki, ”Eldəniz ölməyib, yaşayır"... Amma onu ştata götürmürdülər. Çox arzulayırdı ki o teatrda işləsin. Deyirdi ki, "atam ömrünün 50 ilini orada qoyub, mən də orada işləmək istəyirəm”. Amma 10 il onu götürmədilər. Hər gələn təzə direktora da müraciət edirdi, amma alınmırdı. Sanki kimsə istəmirdi orada işləsin... Bütün bunlardan bezib axırda İrəvan Teatrına işə düzəlmişdi. İki ildir ki, orada işləyir. Ona qədər çox sıxıntı, əzab çəkirdi. Hara gedirsə onu yaxşı qarşılayırdılar, deyirlər ki, sənin yerin elə buradır. Lakin səhəri gün gedəndə deyirdilər ki, iş yoxdur".

Gülbəniz Zeynalovanın sözlərinə görə, qardaşı maddi sıxıntılar üzündən gecə növbəsində tikinti işlərində fəhlə kimi də çalışıb: "Teatrdan aldığı 120 manat dolanışığına yetmirdi. Ailəlidir, gecə növbəsində tikintidə işləyirdi. Bir sözlə, kasıbçılıqla yaşayırdı... Onu seriallara da çağırmırdılar. Bircə ”Planet Parni iz Baku" KVN teatrının rəhbəri Tahir İmanov və Bəhram Bağırzadə onu tamaşalarına dəvət edirdilər, o da böyük həvəslə kiçik də olsa obrazlarda iştirak edirdi".

Gülbəniz Zeynalova onu da qeyd etdi ki, İrəvan Dövlət Teatrının direktoru İftixar Piriyevdən başqa aktyorun yanına gəlib-gedən yoxdur: "İftixar müəllim hər gün gəlir, ağlayır, pis olur. Həkimlərə də deyir ki, nə lazımdırsa desinlər, köməklik olunacaq. Hələ ki ondan başqa heç kim gəlmir”.

Tahir İmanov Məmməd Zeynalov barəsində "Yeni Müsavat”a bunları dedi: "Xəbəri yenicə eşitmişik, bu gün gedəcəyik yanına. Məmməd çox gözəl insandır. Məşqlərə vaxtlı-vaxtında gələn, rejissorun tapşırıqlarını yerinə yetirən aktyordur...” 

Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Nurəddin Mehdixanlı dedi ki, Eldəniz Zeynalovu tanıyan, onunla çalışan insanlar birlikdə nəsə etməlidirlər: "Dəxli yoxdur, Məmmədlə biz bir tamaşada oynamışq ya yox. Amma hər halda Eldəniz Zeynalov Azərbaycan teatr mədəniyyətinin çox böyük aktyorudur. Hesab edirəm ki, Eldəniz Zeynalovu tanıyan, ümumiyyətlə, onunla çalışan insanlar birlikdə nəsə etməlidirlər.

Mən Məmmədi tanıyıram, hardasa 6-7 il bundan əvvəl gəlib bizim teatrda çalışırdı. Amma sonra nədənsə getdi. Onun nə səbəbdən getdiyi barədə məlumatım yoxdur. Təəssüf ki, cavan bir adamın, aktyorun başına belə bir hadisə gəlib. İnanıram ki, hər zaman sənət adamlarına qayğı göstərən hörmətli nazirimiz Əbülfəz Qarayev böyük sənətkarımız Eldəniz Zeynalovun oğlunu diqqətdən kənarda qoymayacaq, öz qayğı və diqqətini əsirgəməyəcək".

Mədəniyyət və Turizm Nazirliyi Məmməd Zeynalova qayğı göstərəcəkmi?

Sualımıza cavab tapmaq üçün dəfələrlə qurumla əlaqə yaratsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Məmməd Zeynalov uzun müddətdir ki, ailəlidir, övladı yoxdur./musavat.com/

MediaFax