OPEK-ə üzv olan ölkələr hasilat həcminin məhdudlaşdırılmasına dair qərar qəbul etdikdən sonra neft bahalaşır.
Neftin 1 barelinin qiyməti 2015-ci ilin oktyabrın 9-dan bu vaxtadək dekabrın 1-də ilk dəfə olaraq 54 dolları keçib. Ancaq bir gün sonra Brent nefti 16 aylıq maksimumu yenilədikdən sonra cüzi ucuzlaşıb. Ekspertlər bazarın bir neçə günə stabilləşəcəyi qənaətindədirlər. Həmçinin bildirilir ki, neft yaxın illərdə Azərbaycanı böhrandan çıxaracaq səviyyəyə qədər arta bilməyəcək.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı saytımıza açıqlamasında bildirib ki, OPEK-in qərarı əslində bazara sözlü müdaxilədir: "OPEK toplantısının bazarlara bir neçə gün təsirləri olacaq. Düşünürəm ki, bir neçə gündən sonra artıq bazar fundamental məsələlərə diqqət yetirəcək. Birincisi, İndoneziya OPEK ölkələrinin sırasından imtina etdi və çıxdı. Onun 650-700 minə yaxın kvotası var idi. Həmin kvotanı azaltmaq istəmədi və OPEK-i tərk etdi. Avtomatik olaraq OPEK-in kvotası 700 min barel azalmış oldu. Ancaq OPEK razılıq qərarında göstərir ki, hasilatı 1,2 milyon barel azaltmaq barədə razılıq əldə olunub.
Bunun 700 mini İndoneziyanın qurumdan çıxması nəticəsində baş verib. Deməli, kvota ancaq 500 min barel azalıb. Bu da ilkin olaraq nəzərdə tutulduğu səviyyəyə yenidən geri dönməkdir. Çünki OPEK-in cəmi bir neçə ay əvvəl onsuz da gündəlik hasilatı 32,5 milyon barel idi. Yenidən sanki həmin dönəmə qayıdır. Bütün bu fundamental faktorlar yenidən bazarda diqqətə alındıqda, əsas götürüldükdə neftin qiymətində yenidən geri çəkilmələr müşahidə edə bilərik. Amma sanki neft bazarı daha kəskin ucuzlaşmadan sığortalandı. Yəni ekspertlər düşünürdülər ki, bu toplantıdan heç bir qərar çıxmasa, neft yenidən 30 dollarlara qədər ucuzlaşa bilər. Ən azından, neft bazarı bu qorxudan qurtuldu və yaxın gələcəkdə 45-50 dollar koridorunda neft qiymətlərini olması ehtimalı çox yüksəkdir”.
Ekspertin sözlərinə görə, Azərbaycana gəldikdə, nə qədər qiymət baha olsa, ölkəyə o qədər çox sərf edir: "Gəlirlərimiz baxımından qiymətin artması vacibdir. Amma Azərbaycandakı problemlərin kökü o qədər dərindir, struktur, idarəetmə ilə bağlı o qədər ciddi problemlər var ki, Azərbaycanda qiymətin təqribən 80-90 dollar olması lazımdır. Bu qiymətdə olsa, valyuta bazarında da, ölkə iqtisadiyyatında da sabitlik ola bilər. Amma düşünmürəm ki, yaxın illərdə belə bir yüksək həddə biz neft qiymətlərini görək”.
Ekspert Qubad İbadoğlu isə bildirib ki, neftin qiyməti 110 dollara olsa, ölkə iqtisadiyyatında sabitlik yaranar: "Hesablamalar göstərir ki, indiki şərtlərlə bunun üçün 1 barel Azərbaycan nefti ən azı 110 dollara satılmalıdır. Belə qiymət isə heç üfüqdə də görsənmir. Azərbaycanda neft hasilatının piki 2010-cu ildə, neftdən əldə edilən gəlirlərin ən yüksək səviyyəsi isə 2011-ci ildə qeydə alınıb, yalnız o ildə Dövlət Neft Fonduna 19,8 milyard dollar daxil olub. Müqayisə üçün onu qeyd edək ki, DNF ötən il neft hasil edilmiş mənfəət neftinin və qazın satışından 7,2 milyon ABŞ dolları vəsait əldə edib. Həmin il ixrac edilmiş mənfəət neftinin ortaçəkili satış qiyməti 54,31 ABŞ dolları, xalis mədaxil qiyməti isə 48,06 ABŞ dolları olub. Keçən il gündəlik hasilat 634 min barel təşkil edib, bu il isə orta günlük hasilat ondan bir qədər az - 630 min barel gözlənilir. Bu il ilin yanvar-sentyabr ayları ərzində DNF-nin büdcə gəlirləri 6,6 milyon manat və ya kommersiiya banklarının dekabrın 1-ə olan kursu ilə 3,7 milyard dollar olub. Bu hesabla ilin sonuna neft gəlirləri 2011-ci ildəki səviyyədən 4 dəfə az- 5 milyard dollar göstərilir. Ola bilər ki, pisləşən iqtisadi və sosial durumda azalan neft gəlirləri və artan ehtiyaclar yenidən neftin sabitləşdirici rolunun hansı qiymət səviyyəsində olması ilə bağlı müzakirələri aktuallaşdırır”.
Ekspertin sözlərinə görə, 2001-2015-ci illər ərzində DNF-nin daxilolmaları 124,9 milyard ABŞ dolları səviyyəsində olub, bu vəsaitin 33,57 milyard ABŞ dolları və ya 26,9 faizi yığıma yönəldilmiş, 91, 33 milyard dolları və ya 73,1 faizi isə xərclənib: "Transferlərin start götürdüyü 2003-cü ildən bu ilin oktyabr ayının 1-dək Dövlət Neft Fondundan 67 milyard 162 mln. manat vəsait dövlət büdcəsi vasitəsilə əsasən qeyri-məhsuldar və əlavə dəyər yaratmayan qeyri-kommersiya layihələrinə yönəldilib. Beləliklə də, neft dollarları hesabına tikilmiş sosial, idman, mədəniyyət, nəqliyyat və sair sahələrdə infrastruktur obyektlərinin saxlanılması və istismarı üçün dövlət büdcəsinə əlavə və ciddi xərc öhdəlikləri yaradıb.
Odur ki, iqtisadiyyatda sabitliyin bərpası üçün hazırda neftin qiyməti hansı səviyyədə olmalıdır sualına cavab axtararkən infrastruktura xidmətlə əlaqədar olaraq ildən-ilə artan xərc amilini də nəzərə almaq lazımdır. Bu isə o deməkdir ki, digər şərtlər dəyişməz qaldığı halda, Azərbaycan iqtisadiyyatını 2013-cü il səviyyəsinə qaytarmaq üçün dünya bazarında 1 barel neftin qiyməti ən azı 110 dollar olmalıdır. Belə qiymət isə heç üfüqdə də görsənmir. Odur ki, neft unudub, digər sahələrdə mövcud və perspektiv imkanları və resursları səfərbər etmək üçün hərtərəfli islahatlara başlamaq lazımdır. Çünki, neftin qiymənin indiki səviyyəsi islahat xarakterli dəyişikliklər üçün ən optimal qiymətdir. Bizə yalnız bu fürsətdən bəhrələnmək qalır. Belə şans isə həmişə olmur, onu dəyərləndirməsək yaxın 2 ildə sabitlikdən danışa bilməyəcəyik”./musavat.com/
MediaFax