Çəkidə aldadanlar...

Bakıdakı bazarlarda bəzi "işbazlar” alıcıları tərəzilərdə aldadırlar... Bu zaman onlar müxtəlif fırıldağa əl atır, təzilərin başına "min bir oyun” açırlar ki, çəkidə aldada bilsinlər.
 
Belə halları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində də inkar etmirlər...

"Azərbaycan Respublikasında ölçülərin vəhdətini təmin edilməsi haqqında qanun var. Qanun ölkə ərazisində istismarda olan ölçmə vasitələrinin ölçmələrinin vəhdətini təmin edir. Sadə dildə desək, ölkə ərazisində aparılan bütün ölçmələr, Azərbaycanın dövlət etalonlarına uyğun şəkildə həyata keçirməlidir. Metroloji vəhdət təmin edilməlidir”.

Bu sözləri saytımızın  ölçmə vasitələri, tərəzilərlə bağlı sorğusuna cavab verən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib:

"Ölkədə istismarda olan tərəziləri gətirənlər və onu istismar edən sahibkarlar da bilməlidirlər ki, qanunvericiliyin tələblərinə əsasən, istismar etdikləri ölçmə vasitələrini, tərəziləri  mütəmadi şəkildə dövlət etalonlarına tutuşdurmalıdırlar. Tərəzilər istismar olunduqca, keyfiyyəti, yəni düzgünlüyü itə bilir. Bunu kalibrləmək üçün mütləq şəkildə sahibkarlar kalibrlənmə laboratoriyalarına müraciət edib, onu etalonlarla tutuşdurmalıdırlar. Ölçmə vasitələrinin tipinin təsdiq haqqında reyestrdə göstərilib ki, tərəzilər müxtəlif ölkələrdən gətirilir. Avropa, MDB ölkələrindən, Türkiyədən, Çin Xalq Respublikasından idxal olunur. Dövlət metoroloji mərkəzinə şamil olunan bütün ölçmə vasitələri ölkəyə idxal olunarkən, qanunvericiliyə uyğun olaraq müvafiq qaydada dövlət reysterində qeydiyyata alınmalıdır. O sahəyə akkreditasiya olunmuş kalibrlənmə laboratoriyası tərəfindən yoxlamadan keçirilməlidir”.

Fazil Talıblının sözlərinə görə, tərəzinin düzgün və ya yanlış işləməsini müəyyən etmək üçün bəzi məqamlara diqqət etmək lazımdır.

"Tərəzinin düzgün işləməsini müəyyən etmək üçün onun üzərində olan yoxlama haqqında ştrix koda diqqət edilməlidir, yoxlama haqqında şəhadətnaməyə baxa bilərlər, eyni zamanda tərəzinin üfüqi vəziyyətdə dayanmasının təminliyini müəyyən etmək üçün tərəzidə quraşdırılmış səviyyə ölçənə baxmaq lazımdır. Hər hansı laboratoriyada yoxlandıqdan sonra ölçmə vəsitəsinə ştrix kod verilir. Ştrix kodun üzərində tarix qeyd olunur ki, hansı tarixdə yoxlamadan keçib.  Ölçmələri bizim akkreditasiya etdiyimiz hər hansı bir kalibrləmə laboratoriyası həyata keçirir. Bəzi işbazlar tərəzilərin altında olan səviyyə ölçənləri boşaldırlar və müəyyən istehlakçı hüquqlarını pozurlar. Bu qanun pozuntusudur.

Tərəzilər il ərzində 2 dəfədən az olmayaraq yoxlamadan keçirilməlidir. Amma onun istismar müddəti pasportunda qeyd olunur. Təbii ki, istismar olunan hər-hansı vasitə müəyyən vaxtdan sonra xarab olur. Onun istismardan çıxması barədə məlumatı məhz kalibrləmə laboratoriyasının müəssisələri verir. Həm istehlakçı, həm də sahibkar bilməlidir ki, onların istifadə etdiyi tərəzilər kalibrləmə laboratoriyasında qanunun tələbinə uyğun olaraq yoxlanılmalıdır”./modern.az/

MediaFax