"Seçicilərdən daxil olan müraciətləri aiddiyyəti dövlət qurumlarına, nazirliklərə göndərsək də, çox az sayda qurumdan cavab alırıq".
Bunu Milli Məclisin İnsan haqları komitəsinin bu gün keçirilən iclasında deputat Yevda Abramov deyib.
O bunu Milli Məclisə hörmətsizlik kimi qiymətləndirib: "Belə olan halda vətəndaş Milli Məclisdən incik düşür. Çünki onlar cavabı bizdən gözləyirlər, hardan bilsinlər ki, bəzi nazirliklər və dövlət qurumları biz deputatları da saymır”.
Deputat bəzi həmkarlarını ucuz piara əl atmaqda da ittiham edib: "Biz nəyisə gündəmə gəlmək üçün demirik. Bəzi deputatlar isə özlərini reklam edirlər. Bəzi həmkarlarımız hansısa təyyarədə qəhvə içdiyini də mətbuata ötürür. Belə reklam nəyə lazımdır?”
Deputat Tahir Kərimli də bəzi nazirlikləri və digər dövlət qurumlarını deputatların sorğularına hörmətsiz yanaşmaqda ittiham edib: "Elələri var, köməkçiləri belə bizə cavab vermirlər. Bəs seçicilərin dərdini biz kimdən soruşaq?”
Milli Məclisin sədr müavini, İnsan haqları komitəsinin sədri Bahar Muradova isə bildirib ki, dövlət qurumlarının bu münasibəti hörmətsizlik kimi qiymətləndirilməməlidir. "Sadəcə, lazım bilinən məktublara cavab verilir", - deyə o qeyd dib.
MediaFax