Dünya şahmatçıları Bakıda: beynəlxalq olimpiada başladı

Bakıda, Milli Gimnastika Arenasında 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçirilir.
 
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Ümumdünya Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyümjinov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak edirlər.
 
Əvvəlcə Azərbaycan Respublikasının və Ümumdünya Şahmat Federasiyasının himnləri səslənib. Azərbaycanda idmanın, o cümlədən şahmatın inkişafı ilə bağlı videoçarx nümayiş etdirilib.
 
Ümumdünya Şahmat Olimpiadasının işıqlandırılması üçün 250-dən çox yerli və xarici media nümayəndəsi qeydiyyatdan keçib. Olimpiadanın keçirildiyi günlərdə Bakı həm də FİDE-nin növbəti konqresinə ev sahibliyi edəcək. Həmin konqresdə 183 ölkə təmsil olunacaq.
 
Mötəbər yarışın idarə olunmasında Azərbaycandan 30 hakim iştirak edəcək.
 
İlk tura sentyabrın 2-də saat 15:00-da start veriləcək. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq.

MediaFax