Doqquzuncular sınaq imtahanlarından keçəcək - İlk dəfə

Bu ildən ilk dəfə olaraq Azərbaycanda IX sinif şagirdləri üçün sınaq imtahanları təşkil olunacaq.
 
APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə  "Ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları” ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, şagirdlər imtahan.az saytında qeydiyyatdan keçərək sınaq imtahanlarında iştirak edə bilərlər. Onun sözlərinə görə, artıq IX sinif buraxılış imtahanlarının I mərhələsinə dair sınaq imtahanlarına yazılış-qeydiyyat başlanılıb.
 
M.Abbaszadə qeyd edib ki, 2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək: "IX sinif üzrə buraxılış imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili) və riyaziyyat fənlərindən iki mərhələdə təşkil olunacaq. Birinci mərhələdə şagirdlərə ana dili (Azərbaycan və ya rus dili) fənindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq, ümumilikdə 30 test tapşırığı  təqdim ediləcək. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük əsasında inşa (esse) yazacaqlar.
 
Ümumi orta təhsil haqqında fərqlənmə sənədi almaq üçün inşanın (esse) qiyməti  nəzərə alınacaq. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim olunacaq. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verəcəklər. Onlara birinci mərhələdə 10 açıq, ikinci mərhələdə 30 qapalı test tapşırığı təqdim ediləcək”.
 
DİM Direktorlar Şurasının sədri əlavə edib ki, birinci mərhələnin 2017-ci ilin fevral və mart aylarında, ikinci mərhələnin isə iyun ayında keçirilməsi nəzərdə tutulur.
 
Qeyd edək ki, bu vaxta kimi TQDK yalnız XI sinif şagirdləri üçün sınaq imtahanları həyata keçirib.

MediaFax