Dollarla krediti olanlar üçün Təklif

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən növbəti hərracda manatın məzənnəsi 1.8045 səviyyəsində müəyyən edilib.
 
Milli valyutanın hər gün bir az da dəyərdən düşməsi ölkənin iqtisadi sferasına, əhalinin sosial vəziyyətinə təsirsiz ötüşmür.  Xüsusilə manatın 1-ci devalvasiyasından əvvəl (21 fevral 2015-ci il) 0.78 dollar məzənnəsilə kredit götürən 2,5 milyondan artıq vətəndaşın vəziyyəti daha acınacaqlıdır.
 
Dollarla götürülən kreditləri geri qaytarmaq mümkünsüzdür
 
Bu haqda saytımıza danışan iqtisadçı Vüqar Bayramov deyib ki, kredit portfelində dollarla kredit götürənlər daha çox üstünlük təşkil edir.

Kredit götürən vətəndaşların sayı 2,5 milyondan artıqdır:

"2,5 milyonluq kredit portfelində dollarla olan kreditlərin həcmi daha çoxdur. Xarici valyutada kredit götürən şəxslər manatın indiki məzənnəsinə uyğun olaraq ödəniş həyata keçirirlər. Hələlik dollarla kredit götürənlərə hər hansı güzəşt edilmir. Bəzi banklar müəyyən güzəştlər tətbiq etsə də, onlar da arzuolunan səviyyədə deyil. Mövcud şərtlər vətəndaşların böyük bir qisminin bu güzəştlərdən faydalanmasına imkan vermir. Faktiki olaraq indiki məqamda məzənnə fərqini nəzərə alsaq, həmin kreditlərin geridönüşü mümkünsüzdür”.
 
Faiz dövlət, bank, vətəndaş arasında bölünsün
 
Mütəxəssis hələ iki il əvvəl verdiyi təklifi xatırladıb: "Yadınızdadırsa, mən hələ 2015-ci ildə hökumətə dollarla krediti olan şəxslərə 3 tərəfli qaydada güzəştin tətbiq edilməsini təklif etmişdim. Təklifdə 0.78 məzənnəsilə götürülən və 1,05-dən çox olan fərqin 3 tərəf-bank, dövlət və kredit götürən şəxs arasında bölüşdürülməsi nəzərdə tutulurdu. Bunun özəlliyi ondan ibarət idi ki, hər 3 tərəf xərcin 1/3-ni ödəyəcəkdi. Bu isə hər 3 tərəfə ciddi çətinlik yaratmayacaqdı.
 
Bu imkan verirdi ki, dollarla kredit götürən şəxs xərcin 2/3-dən azad olsun. Mən hesab edirəm ki, dollarla götürülmüş kreditlərə güzəşt tətbiq edilməsi gündəmdən çıxmamalıdır. Birmənalı şəkildə Mərkəzi Bank dollarla götürülən kreditlərə güzəşt tətbiq edilməsini müzakirə etməlidir. Həm sosial, həm də bank sektorunun sağlamlaşıdırılması baxımından dollarla olan kreditlərə güzəştlər tətbiq edilməsi vacibdir. 3 tərəfli kredit ödənişi mexanizmi indiki məqamda daha məqsədəuyğundur. Konstitusiya Məhkəməsinin dollarla olan kreditlərlə bağlı məlum qərarından (milli valyutanın mövcud məzənnəsinə uyğun ödəniş edilməsi) sonra dollarla olan kreditlərə hər hansı güzəşt tətbiq edilməyib. Mərkəzi Bankın liberal məzənnə siyasətinə keçdikdən sonra bu məsələyə yenidən qayıdacağı və dollarla kredit götürən şəxslərə güzəştlər verilməsinin müzakirəsinə başlayacağına inanmaq istəyirəm”./modern.az/

MediaFax