Dollar ucuzlaşır, bəs məhsullar... - İqtisadçı danışdı

Son bir həftədə dolların məzənnəsi 1 manat 92 qəpikdən 1 manat 70 qəpiyə qədər ensə də, bu, qiymətlərdə öz əksini tapmır. Xüsusən supermarketlərdə qiymətlər əvvəlki günlərdə olduğu kimi qalır.

İqtisadçı-ekspert Qubad İbadoğlu da saytımıza açıqlamasında bildirib ki, dolların məzənnəsinin aşağı düşməsi supermarketlərdəki idxal mallarının ucuzlaşmasına gətirib çıxarmalıdır:

"Piştaxtalarda idxal mallarının payı az deyil. Bura təkcə yemək deyil, içkilər də daxildir. Amma təəssüf ki, qiymət dəyişikliyi yoxdur. Bunun əsas səbəbi ondan ibarətdir ki, ticarətçilər bunun davamlı proses olacağına inanmırlar. Yəqin ki, davamlı proses olsa, qiymətlərə təsir göstərəcək. Bazar iqtisadiyyatı təşəkkül tapan ölkələrdə qiymətlərlə məzənnə arasında çox ciddi fərqlər var. Orada qiymətlər hər gün dəyişir. Təəssüf ki, bizdə yalnız qiymətləri artırmaq istiqamətində dəyişikliklər aparılır və artan qiyməti heç vaxt ucuzlaşdırmırlar. Bu da mağazaların marketinq siyasətinin düzgün aparılmamasının nəticəsidir. Onlar da bu fürsətdən istifadə edib, daha çox qazanmaq istəyirlər. Qiymətlər məzənnəyə uyğun olaraq, heç olmasa ötən ayla müqayisədə ən azı 10 faiz ucuzlaşmalıydı. Söhbət idxal mallarından gedir".

Bəs inzibati metodlarla qiyməti aşağı salmaq mümkündürmü? Ekspert bunu mümkünsüz hesab edir:
 
"Düşünmürəm ki, bu effekt verər. Hesab edirəm ki, bu məsələ bazar qüvvələrinin təsiriylə həll olunmalıdır"./ölkə.az/

MediaFax