Direktorun ardınca müavin də qovuldu

Bakıda 230 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ləman Babayevanın Təhsil Nazirliyinin Qəbul Portalına daxil olmuş, həmçinin məktəb direktoru Elşən Qafarovun L.Babayevanın üzrsüz səbəbdən işə gəlməməsi və əmək funksiyalarını yerinə yetirməməsi ilə bağlı müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılıb.

İdarədən bildirilib ki, araşdırmanın nəticəsində hər iki şəxsin fəaliyyətinə xitam verilib: "Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 230 nömrəli tam orta məktəbin direktoru Qafarov Elşən Yəhya oğlu ilə bağlanmış əmək müqaviləsi 10.11.2016-cı il tarixdən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Babayeva Ləman Eldəniz qızı ilə bağlanmış əmək müqaviləsi 15.11.2016-cı il tarixdən ləğv edilib.

Məktəbdə direktor vəzifəsinin müvəqqəti icrası BŞTİ-nin əməkdaşına həvalə edilib. Hazırda məktəbdə təlim-tərbiyə prosesi normal şəkildə davam etdirilir. Məktəbə yeni direktorun təyinatı mövcud qaydalar və müvafiq prosedura uyğun şəkildə həyata keçiriləcək. Ləman Babayevanın müvafiq ərizəsi nəzərə alınaraq, onun pedaqoji fəaliyyətini digər məktəblərdən birində davam etdirməsi məsələsi isə müzakirə mərhələsindədir”.

Qeyd edək ki, L.Babayeva E.Qafarovun onu zorladığını iddia edib, lakin bu fakt Xəzər rayon Prokurorluğu tərəfindən təsdiqlənməyib./trend.az/

MediaFax