Dilqəmlə Şahbazı bir-birindən ayırıblar

3 ilə yaxındır erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı bəzi müəmmalar hələ də aydınlığa qovuşmayıb.
 
Ş.Quliyevin qardaşı Manaf Quliyev ondan aldığı məktubda yazılanlarla bağlı açıqlama verərkən digər girov Dilqəm Əsgərovun vəziyyətinin yaxşı olmadığı demişdi.
 
Hətta onun bildirdiyinə görə, Ş.Quliyev öz məktubunda D.Əsgərovu başqa yerə köçürdüklərini qeyd edibmiş.
 
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirmişdi ki, saxlanılan şəxs ailəsinə yazdığı məktubda digər saxlanılan şəxs barədə qətiyyən məlumat verə bilməz.
 
D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov isə növbəti açıqlamasında ermənilərin atasını başqa yerə köçürməsi ilə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirib:
 
"Onsuz da atam və Şahbaz Quliyev əvvəldən bir yerdə saxlanılmır. Əldə etdiyim rəsmi və qeyri-rəsmi məlumatlara əsasən, tam əminliklə deyirəm ki, bu yeni bir şey deyil. Mən dəqiq bilirəm ki, atam Şuşadakı həbsxanada saxlanılır. Amma Şahbaz Quliyev tamam başqa yerdədir”.
 
Girovun oğlu bildirib ki, Ş.Quliyevin yerini öyrənmək istəməsi səmərəsiz qalıb:
 
"Mən onun da yerini öyrənməyə cəhd etdim, amma "sənin nəyinə lazımdır?” deyərək mənə cavab vermədilər”.
 
K.Əsgərov noyabrın 23-də Dilqəm Əsgərov və Şahbaz Quliyevin Müdafiə Komitəsinin İşçi Qrupu yaradılmasına da münasibət bildirib:
 
"Təbii ki, hər hansı bir cəhd edilməsi belə yaxşıdır. Amma İşçi Qrupu da beynəlxalq təşkilatlara müraciət etməyə hazırlaşır. Mən bu 3 ildə döymədiyim qapı, müraciət etmədiyim beynəlxalq təşkilat qalmayıb. O təşkilatlar ki, 25 ildir Qarabağı ermənilrədən alıb bizə qaytara bilmir, onlardan nə isə gözləməyə dəyməz. Onlar Qarabağ məsələsində ikili standart nümayiş etdirdikləri kimi, girovların məsələsində də ikili oynayırlar. Mənim bir ümidim var, o da ali baş komandan, Prezident İlham Əliyevədir”.
 
2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyidi düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, noyabrın 23-də Ermənistanda girovluqda saxlanılan Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin Müdafiəsi Komitəsinin iclası keçirilib. İclasda Müdafiə Komitəsinin 5 nəfərdən ibarət İşçi Qrupunun yaradıldığı elan edilib, komitənin tərkibi də genişləndirilib. İşçi Qrupunun həftədə bir dəfə iclasının keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Müdafiə Komitəsinin sədri Milli Məclisin sabiq deputatı Əlövsət Ağalarov seçilib./modern.az/

MediaFax