Dəyişikliklər hansı problemləri həll edəcək? - Açıqlama

"Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər təsdiq edilib.
 
Dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə 10 manat məbləğində cərimə olunacaq. Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə 10 manat məbləğində cərimə təyin edilir. Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə 20 manat məbləğində cərimə edilir.

Dəyişiklikdə həmçinin "Əlil” tanınma nişanından istifadə qaydaları da öz əksini tapıb. Belə ki, öz avtomobilində "Əlil” tanınma nişanından qanunsuz istifadə edən şəxslər 40 manat məbləğində, "Əlil” tanınma nişanlı avtomobillər üçün nəzərdə tutulan parklanma yerində parklanan digər nəqliyyat vasitələrinin sürücüləri isə 10 manat məbləğində cərimə olunacaq.

Bəs dəyişikliklərin tətbiqi hansı problemləri həll edəcək? Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov hesab edir ki, dəyişikliklərə cəhd müsbət addım olsa da, burada xeyli pərakəndəlik, təhlil olunmamaış məqamlar var.



"Dəyişiklikdə parklanmada qayda-qanun yaratmaq, parklanmanın qaydası, təşkili, üsulu, istifadə etməyənlər üçün məsuliyyətlərə aydınlıq gətirməyə çalışıblar. Çünki Azərbaycanda parklanma sistemi ilə bağlı çox ciddi problemlər, özbaşınalıqlar var idi. Bunları aradan qaldırmağa ehtiyac var idi. Amma bu dəyişikliklərin özünün təkmilləşdirilməyə ehtiyacı var. Düşünürəm ki, bu dəyişikliklər həyati təcrübədə təsdiq oluna bilməyəcək. Sadəcə, bu dəyişikliklərin edilməsinə cəhd özü müsbət addımdır”.

Ə.Hüseynov həmçinin bildirib ki, dəyişikliyə əsasən, parkomatdan istifadə qaydasını pozanlar barəsində xüsusi elektron protokol tərtib olunacaq. Bunun üçün ən müasir parkomatlar lazımdır. Bu halda paytaxtın bütün parkomatları istifadəyə yararsız olur, onlar ya təzəsi ilə əvəzlənməli, ya da onlara tam yeni funksiyalar və təbii ki, müvafiq avadanlıq, proqram təminatı əlavə olunmalıdır. Bu isə milyonlarla vəsait tələb edir.



Ə.Hüseynov həmçinin bildirib ki, əlillər üçün xüsusi tanınma nişanının verilməsi ilə bağlı məsələ qanunda çoxdan var və yeni deyil. Qanunvericiliyə görə, əgər avtomobil əlillər üçün xüsusi texniki əsasa malikdirsə, belə tanıma nişanı olan maşınlar üçün parklanma yerlərində xüsusi kvota ayrılmalıdır. Yerlər çox olarsa, bu yerlərin 5%-i qədər nəzərdə tutulur. Xüsusi nişanlanma olan yerlərdə əlillərdən başqası saxlayarsa, cərimə olunmalıdır./virtualaz.org/

MediaFax