Millət vəkili Vahid Əhmədov "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) fəaliyyətini kəskin tənqid edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Aviasiya haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili deyib ki, aviasiya sahəsində qiymətlər həddindən artıq yüksəkdir: "AZAL faktiki olaraq aviasiya sahəsini inhisarda saxlayır. Niyə beynəlxalq aviadaşımalarla məşğul olan şirkətlər Azərbaycana reyslər həyata keçirməməlidir? Niyə bu sahədə alternativ şirkətlər olmamalıdır? Niyə sərnişinlər yüksək qiymətə uçmalıdır? AZAL-ın aviasiya sahəsini inhisara alması qiymətlərin yüksək olmasına şərait yaradır. Mən Türkiyəyə səfər etmişdim. Orada işlərim uzandı, ona görə iki gün ləngiməli oldum. AZAL-ın Türkiyədəki nümayəndəliyinə yaxınlaşdım və bileti dəyişdirməyi xahiş etdim. Mənə bildirildi ki, bileti dəyişmək yalnız Bakıda mümkündür. Əgər AZAL-ın Türkiyədə nümayəndəliyi varsa, niyə sərnişinlərin üzləşdiyi problem həll olunmamalıdır?"
Millət vəkilləri Əli Məsimli və İlham Əliyev də AZAL-ın fəaliyyətindən narazılıq ediblər. AZAL-ın Azərbaycanın dövlət büdcəsinə çox böyük yük olduğunu deyən Ə. Məsimli bildirib ki, bu qurumun özəlləşdirilməsi çox vacibdir. Millət vəkilləri aviasiya sahəsində monopoliyanın aradan qaldırılması üçün Rəqabət Məcəlləsinin qəbul edilməsini vacib saydıqlarını vurğulayıblar. "Məcəllənin qəbulu bu sahədə rəqabət mühitini formalaşdıracaq. Bu isə son nəticədə xidmətlərin keyfiyyətinin yaxşılaşmasına və qiymətlərin aşağı düşməsinə gətirib çıxaracaq", - deyə Ə. Məsimli vurğulayıb.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov isə AZAL-ın inhisarçı şirkət olması ilə bağlı fikirləri qəbul etməyib. Onun sözlərinə görə, Azərbaycana və respublikadan xaricə həyata keçirilən reyslərin 52%-i beynəlxalq şirkətlər, 48%-i isə AZAL tərəfindən həyata keçirilir: "AZAL-ın bu gün 17 tarifi mövcuddur. Biletlərin dəyişdirilməsi qaydalarda öz əksini tapıb. Burada biletlərin necə dəyişdirilməsi qaydaları var. Biletlərin qiymətini qaldırmaq məsələsi bu gün gündəmdə deyil və icazə verilmir. Amma ümumilikdə uçuşun xərcləri hansısa yolla yığılmalıdır. Ona görə də AZAL beynəlxalq təcrübədə əksini tapan bəzi qaydalardan istifadə edərək baqajdan pul yığır. Bəzi şirkətlər yeməkdən pul yığır, bəziləri isə yüklərdən, cərimələrdən pul yığırlar. Ümumilikdə xərcləri bağlamaq lazımdır. Siz qeyd etdiniz ki, AZAL büdcəyə böyük bir yükdür. Bütün bunlar olduğu halda yenə də yetərincə gəlir yığılmır. Monopoliyaya gəldikdə bilirsiniz ki, aşağı büdcəli Buta şirkəti yaranır. Bilirsiniz ki, AZAL qiymətləri əsas etibarı ilə enerji daşıyıcıları və onların qiyməti ilə tənzimləyir və çalışır ki, hava limanında problem olmasın. Bizdə uçuş zolağı 3-cü, yəni ən yüksək kateqoriyaya sahibdir. Biz istənilən hava şəraitində uçuşları qəbul edə bilirik. Son günlər Türkiyədə hava şəraitinə görə AZAL-ın reyslərindən başqa bütün reyslər gecikirdi. Həmin kateqoriyanı qoruyub saxlamaq üçün böyük problemlər var. Yəni, bir lampanın qiyməti 60 minə qədərdir. Onların hamısını almaq lazımdır"./APA/
MediaFax