Azərbaycanda dövlət büdcəsi hesabına maliyyələşən uşaq bağçaları pullu ola bilər.
Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib. Bildirib ki, bağçalarda dövlətlə valideynin müştərək maliyyələşmə mexanizminin tətbiq edilməsi mümkündür.
Yəni, dövlət bağçaları pullu ediləcək, lakin pulun bir hissəsini dövlət, bir hissəsini isə valideyn ödəyəcək.
Məsələ ilə bağlı saytımıza açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, bunun heç bir məntiqi izahı yoxdur. Deputat qeyd edib ki, nazirin açıqlamasında dediyi mexanizmdə özəl bağçaların ödənişinin dövlətlə bölüşdürülməsi nəzərdə tutulmuş ola bilər:
"Məsələn, əgər valideyn özəl bir bağça üçün 70 manat ödəyirsə, dövlət onun yükünü azaltmaq üçün yarısını öz üzərinə götürə bilər. Yəni, dövlət özəl bağçalara subsidiya ayıra bilər, 35-ni özü ödəyər, 35-ini isə valideyn. Bununla da məktəbəqədər təlim problemi həll oluna bilər. Çünki bir çox valideynin buna gücü çatmır. Belə olarsa özəl bağçalarda ödənişin maksimum standartlarını müəyyən etmək lazım gələcək ki, hansı miqdardan yuxarı qaldırmaq olmaz. Onunla da problemi çözə bilərlər. Amma bunun dövlət bağçalarına şamil edilməsi müəyyən problemlər yaradacaq. Çünki valideynlərin bu yükü qaldırması çox çətindir. Məncə dövlət özəl müəssisələrə üstünlük verməlidir. Onların yükünü valideynlə yarı yarıya paylaşmalıdır”.
Onun sözlərinə görə, dövlət bağçaların maliyyələşməsini öz üzərinə götürübsə, həyata keçirməyə borcludur: "Dövlət bağçalarına qəbul zamanı müəyyən miqdarda pul alınır. Lakin bu, rüşvətdir. Rüşvət olduğuna görə və bizdə də rüşvət çox təhlükəli bir şey sayılmadığına görə sənədləşmədə hansısa məbləğ alındığı qeyd olunmur. Sənəddə uşaqların pulsuz təlim aldıqları yazılır. Lakin hər kəs bilir ki, faktiki olaraq bağçaya qəbulda müəyyən məbləğ ödənilir, bu da qanunsuzdur və hesab edirəm ki, dövlət bağçalarının bu vəziyyətdə olması valideynlərə çox böyük problemlər yaradır. Dövlət bağçası pulsuz olmalıdır”./bakipost.az/