Deputat telekanalları tənqid etdi

"Televiziyaların fəaliyyəti ilə bağlı dəyişikliklər etmirik. Bunlara nə etmək olar? Neçə illərdir ki, televiziyaları açırsan, görürsən ki, yenə köhnə hamam, köhnə tasdır. Nə varsa odur. SMS-lər göndərirlər, kimsə kimi sevir, kimləsə evlənmək istəyir”. 

Bu sözləri Milli Məclisin deputatı Rüfət Quliyev İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəslərinin birgə iclasında Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər barədə danışarkən deyib. 

Deputat müğənnilərin toylara manatla yox, dollarla getmək istəklərinə bu cür münasibət bildirib: 

"O gün deputatlardan biri də qeyd etdi ki, artıq bizim incəsənət nümayəndəmiz çox böyük fəxrlə deyir ki, "mən toy məclisinə manatla yox, dollarla gedirəm”. Bunu elə böyük fəxrlə deyir ki, elə bil buna Nobel mükafatı verirlər. Bu da qəribə bir şeydir. İndi bunların da hardasa vergiyə cəlb olunması məsələsi həllini tapmalıdır”. 

Rüfət Quliyev qeyd edib ki, lüks malların, TOPAZ kimi təşkilatların üzərinə qoyulan vergiləri qaldırmaq olar: 

"Amma ən böyük məsələ kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi ilə bağlıdır. İnsanları torpağa qaytarmaq lazımdır, ancaq onlarda həvəs yoxdur. Camaat torpaqla məşğul olmaq istəmir. Televiziyalara moratorium qoyaq, heç olmasa hər kanala həftədə bir dəfə sahibkar saatı keçirsin, verilişə də məmurları, deputatları çağırmasınlar. Kiçik sahibkarlar efirə dəvət olunsun. Onlar efirdə öz istehsal etdiyi məhsulu da təbliğ etsin. Belə olan halda insanlar qayıdıb torpaqda işləməyə başlayacaqlar”./modern.az/

MediaFax