Deputat mübahisəli məsələyə münasibət bildirdi

"Bir neçə illik borcu olan abunəçilərdən istifadə etdikləri qazın qiymətini yeni tariflə alınması tamamiylə qeyri-qanuni hesab olunur.”

Bunu saytımıza Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib. Onun sözlərinə görə, yeni qanun yanvar ayının 1-dən qüvvəyə minib:

"Köhnə illərdə olan borclar 2017-ci il yanvar ayının 1-nə kimi olan qanun üzrə ödənməlidir. Yanvarın 1-dən sonra isə tariflər yeni qanun üzrə aparılmalıdır.”

Vahid Əhmədov belə hallarla qarşılaşan abunəçilərin məhkəməyə müraciət etməsini tövsiyyə edib.

Yanvarın 1-dən etibarən istifadə etdikləri qaza görə borcunu ödəmək istəyən, köhnə sayğaclarını yeni smart tipli sayğaclarla əvəz etmək istəyən sakinlər "sürprizlə” qarşılaşıblar.

Belə ki, borclarını ödəmək üçün "Azəriqaz” İstehsalat Birliyinin Babək prospektində yerləşən «Azqazservis»-ə yollanan sakinlərdən bir neçə ay və ya il bundan əvvəl istifadə etdikləri qaza görə ödəməni yeni tariflə (istifadə olunan qazın 1700 kubmetri 10 qəpikdan, qalanı isə 20 qəpik olmaqla) ödəmək tələb olunub./aznews.az/

MediaFax